Türkiyədə qalmaqallı antikorrupsiya işi çərçivəsində artıq 52 nəfər saxlanılıb, İrandan Türkiyəyə çoxmilyonluq pul köçürmələri faktı araşdırılır.
ERtv “Today`s Zaman”a istinadən xəbər verir ki, məşhur türk müğənnisi Ebru Gündeşin azərbaycanlı həyat yoldaşı Rıza Zərrab (Cənubi azərbaycanlı, - red.) maliyyə fırıldaqçılıqlarında, xüsusilə də, İrandan Türkiyəyə 87 milyard avro dəyərində pul köçürmələrinin həyata keçirilməsi işində fəal iştirak etməkdə şübhəli bilinir.
Türkiyə Maliyyə Nazirliyi yanında Maliyyə Cinayətlərinin Araşdırılması İdarəsinin İstanbul Polis İdarəsinə təqdim etdiyi sənədə əsasən yalnız kağız üzərində mövcud olan və Rıza Zərrabla əlaqəli olan şirkətlər real ticarətə əsaslanmayan qanunsuz pul köçürmələrinin həyata keçirilməsində iştirak ediblər.
Məlumata görə, bu şirkətlər İranın Bank Mellat bankında hesaba malik olublar və bu bank vasitəsilə 2009-2012-ci illərdə 87 mlrd. avro məbləğində pul köçürmələri həyata keçirib.
Bundan əlavə, istintaq müəyyən edib ki, pul fırıldaqçılıqlarında Türkiyədə sahibkar Adəm Gəlkeç və Vidadi Bədəlovun adına yaradılan 11 şirkət iştirak edib.
Cari ilin fevralında A.Gəlkeç Türkiyənin hüquq-mühafizə orqanlarına ifadə verərək etiraf edib ki, şirkətlər İrandan pul köçürmələrinin həyata keçirilməsində sadəcə körpü rolunu oynayıb. O, İran və Azərbaycandan pul köçürməsi üzrə direktivlər aldığını bildirsə də, adlarını açıqlamayıb.
Lakin aparılan istintaq nəticəsində məlum olub ki, şirkətlərin arxasında Rıza Zərrab dayanır.
Qeyd edək ki, 2011-ci ilin dekabrında Rusiyanın Vnukovo hava limanında 3 azərbaycanlı və bir iranlının 4 milyon avro və 14,5 milyon dollar nağd pul ilə saxlanması üzrə əməliyyat da hazırkı təhqiqatın bir hissəsidir. Həmin vaxt 14 nəfər saxlanılmışdı.
Bundan sonra Türkiyədə araşdırmalar genişləndirildi və təkcə A.Gəlkeç və V.Bədəlovun şirkətlərini deyil, həmçinin Türkiyənin Aktif Bank, Deniz Bank, Kuveyt Türk və Garanti Bankası-nı əhatə etdi. Məlum oldu ki, saxta şirkətlərin hər biri gündəlik 5 milyon avro məbləğində köçürmələr həyata keçirib, eyni zamanda heç bir ticari əməliyyat həyata keçirilməyib.