Milli Şuranın dekabrın 15-də keçirdiyi mitinqin zəifliyini əsaslandırmaq üçün göstərilən arqumentlər ciddi qarşılanmır.
Mitinq təşkilatçılarının mitinqdə az sayda adamın iştirakını əlverişsiz hava şəraiti ilə izah etmək cəhdləri də Ukraynada hətta qarlı-çovğunlu havada ara verməyən izdihamlı etiraz aksiyaları fonunda çox qeyri-ciddi görünür.
İcazəli bir mitinqə həddən artıq az adamın gəlməsi Milli Şuranın iddia etdiyi elektoratı, prezident seçkilərində iddia edilən səslərin sayına heç uyğun gəlmədi.
Eyni zamanda, 15 dekabr mitinqi Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənlinin “seçkidə cəmi 20 faiz seçici iştirak edib və onların da 65 faizi mənə səs verib” iddiasını heçə çıxarıb.
Bu məqamları ERtv-yə şərh edən “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, istənilən kütləvi tədbir mövzusundan asılı olmayaraq, artıq siyasi aksiya hesab edilməlidir.
“Bu baxımdan, 15 dekabr mitinqi də istisna deyil. Həmin mitinqdə iştirakçıların sayının gəldikdə isə, bu, heç bir halda gözlənilməz sayılmamalıdır.
Çünki hələ seçkilər zamanı, yəni əhalinin siyasi fəallığının nisbətən yüksəldiyi dövrdə keçirilən mitinqlərdə kütləvilyi təmin etmək mümkün olmurdusa, indiki halda son aksiyanın belə alınması təəccüblü deyil. Yəni burada hava şəraitinin təsirindən danışmaq və Ukrayna nümunəsi ilə müqayisə aparmaq yersizdir.
Təsəvvür edin ki, Milli Şuranın son mitinqi nəinki ölkədə, hətta Bakının özündə belə hadisəyə çevrilmədi. Soruşulsa, əhalinin böyük hissəsinin, ümumiyyətlə, o aksiyadan xəbəri yox idi.
Amma məncə, əsas səbəb hazırda xalqın on minlərlə fərdini təşkilatlandırıb onları meydanlara çıxara və idarə edəcək biləcək bir qurumun olmamasıdır. Milli Şura bunu təşkil edəcək gücdə olmadığını artıq nümayiş etdirib”.