Şəkidə Prezident Kuboku uğrunda 8-ci çövkən oyunları başlayır
16 dekabr, 2013 13:18
Dekabrın 16-dan - 22-dək Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda 8-ci çövkən oyunu üzrə yarışlar keçiriləcək.
ERtv-nin bölgə müxbirinin məlumatına əsasən, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə ənənəvi olaraq hər il keçirilən bu yarışlar xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin bərpası və dirçəldilməsi, habelə atçılıq turizminin təbliği və inkişaf etdirilməsi məqsədi daşıyır.
Yarışlarda respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən 16 komandanın iştirakı gözlənilir. Oyunların qaliblərinə nazirliyin diplom və pul mükafatları təqdim olunacaq.