Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız dekabrın 17-də Bakıda olacaq.
ERtv Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfərin məqsədi “Şahdəniz” yatağının ikinci mərhələsi üzrə yekun investisiya qərarının elan olunması mərasimində iştirak etməkdir.
Türkiyənin enerji və təbii sərvətlər naziri bu mərasimdə həm Azərbaycan və Türkiyə, həm də Avropa İttifaqı ölkələri üçün önəmli nəticələr əldə olunacağına inandığını qeyd edib.
Qeyd edək ki, dekabrın 17-də İtaliyanın baş naziri Enriko Letta, Yunanıstanın baş naziri Antonis Samaras, Britaniya xarici işlər naziri Uilyam Heyq və Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger da Azərbaycana gələcəklər.
“Şahdəniz” yatağının II mərhələsinin işlənməsi üzrə ümumilikdə 39 sənədin imzalanması gözlənilir.
“Şahdəniz” yatağının ikinci mərhələsi üzrə ilk qaz 2018-ci ildə hasil olunacaq.
İlkin mərhələdə yataqdan əldə edilən 16 milyard kubmetr qazın 6 milyard kubmetrinin Türkiyəyə, 10 milyard kubmetrinin isə Avropaya nəqli nəzərdə tutulur.