Dekabrın 12-də İsraildə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalqının ümummilli lideri, bütün dünyada tanınan siyasi xadim, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin vəfatının 10-cu ildönümünə həsr edilən “Açıq Qapı Günü” keçirilib.
ERtv-nin “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tədbirin keçirildiyi gün, sovet illərindəki Azərbaycan Respublikasına uzun müddət rəhbərlik edən, ölkənin müstəqillik illərində Azərbaycan dövlətinin başında dayanan bu görkəmli simaya olan hörmət və ehtiramlarını bildirmək üçün Azərbaycan Mədəniyyət Mərkəzinə çoxlu sayda israillilər toplaşıblar. Vaxtilə Azərbaycanda məskunlaşan, indi isə vətənlərindən uzaqda yaşayan bu insanların yaddaşında Heydər Əliyev müdrik və uzaqgörən dövlət xadimi, həssas və qayğıkeş insan və əls beynəlmiləlçi kimi dərin iz qoyub.
Mədəniyyət Mərkəzinə gələnlər Diasporla iş Üzrə Dövlət Komitəsinin təqdim etdiyi, bu dahi həmvətənin həyat yoluna həsr olunan ədəbiyyatla tanış olublar, onun maraqlı tərcümeyi-halını, hamıya yaxşı tanış olan müdrik kəlamlarını və deyimlərini kitab sətirlərində oxumaq imkanı əldə ediblər. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam!”, “Qürur duyuram ki, Azərbaycan müstəqil, azad və güclü dövlətdir!” kimi məşhur kəlamlarının da toplandığı “Müdrik fikirlər” kitabı Mədəniyyət Mərkəzini ziyarət edənlərin diqqətinə təqdim olunub.
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak Heydər Əliyevin 90 illiyi münasibətilə Moskvanın “Vestnik Kavkaza” agentliyi tərəfindən nəşr edilən “Öndər” kitabını Azərbaycan Mədəniyyət Mərkəzinə hədiyyə edib. Görkəmli dövlət xadimi və nəhəng siyasətçi Heydər Əliyevin yubileyi ilə əlaqədar dərc olunan kitabda müxtəlif ölkə prezidentlərinin, hökumət başçılarının, xarici işlər nazirlərinin, böyük dünya dövlətləri liderlərinin, eləcə də Azərbaycanın məşhur dövlət xadimlərinin umummilli liderlə bağlı xatirələri öz əksini tapıb.
“Öndər” kitabında Heydər Əliyevi şəxsən tanıyan görkəmli xadimlərin, filosofların və məşhur şairlərin qeydləri, kəlamları, eləcə də, Heydər Əliyevin tərcümeyi halı ilə bağlı sənədlərin və bir çoxu ilk dəfə dərc olunan fotoşəkillərin surətləri toplanıb.
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının direktoru Yeganə Salman dəyərli hədiyyəyə görə minnətdarlığını bildirib və Azərbaycanın görkəmli oğlunun və məşhur siyasi xadiminin həyat yolunu işıqlandıran bu kitabın Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən milli kitabxananın ən dəyərli eksponatlarından biri olduğunu ifadə edib.