Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə əlaqədar onun əziz xatirəsi Vaşinqton şəhərində də anılıb.
ERtv-yə ölkəmizin ABŞ-dakı səfirliyindən bildiriblər ki, səfirliyin inzibati binasında, ümummilli liderin büstü önündə baş tutmuş mərasimində müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin keçdiyi zəngin və şərəfli həyat yoluna nəzər salınıb və onun Azərbaycan dövlətçiliyi, xalqımızın rifahı naminə gördüyü misilsiz işlər minnətdarlıq hissi ilə xatırlanıb.
Mərasim iştirakçıları qarşısında çıxış edən səfir Elin Süleymanov xalqımızın ölməz lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müxtəlif dönəmlərdə verdiyi tale yüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açaraq, onun Azərbaycan xalqına buraxdığı ən böyük mirasın məhz müasir, müstəqil və suveren Azərbaycan dövlətinin olduğunu bəyan edib, sonrakı nəsillərin ümdə vəzifəsinin bu dəyərsiz mirası qoruyub-saxlamaq olduğunu göstərib.
O, həmçinin şəxsi xatirələrinə istinad edərək, bu dahi şəxsiyyətlə təmasda olduğu bir anı böyük qürurla yad etdiyini söyləyib. Səfir E.Süleymanov ümummilli liderin aramızda olmadığı son 10 il ərzində onun ən sadiq davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyi, xalqımızın inanılmaz bir tərəqqiyə şahid olduğu və Azərbaycanın malik olduğu geosiyasi qüdrətin real güclə doldurulduğunu qeyd edib.
Azərbaycanın ABŞ-dakı hərbi attaşesi polkovnik Ağaverdi Quliyev öz növbəsində milli ordumuzun yaradılması və xüsusilə onun uzaqgörən siyasəti nəticəsində hələ sovet dövründən etibarən hərbi kadrların hazırlanması sahəsində əldə olunmuş uğurlar barədə danışıb.
ABŞ-da yaşayan Azərbaycan icmasının təmsilçisi Həbib Azərsina ümummilli lider Heydər Əliyev ilə şəxsi təmaslarından bəhs edərək, qəlbində yaşatdığı xatirələri təbdir iştirakçıları ilə bölüşüb.
O, hər zaman Azərbaycan xalqının Heydər Əliyev kimi bir dövlət xadiminə malik olmasından fəxr hissi keçirdiyini dedi və onun əziz xatirəsinin əbədi şəkildə Azərbaycan və eləcə də ölkəmizin hüdudlarından kənarda dərin hörmətlə anılacağını bildirib.
Ümummilli lideri Heydər Əliyevin anım günü çərçivəsində həmçinin Merilend ştatının ən böyük xeyriyyəçilik təşkilatı olan və yoxsulları qida ilə təchiz edən Merilend Qida Bankına ianə verilib. Qida Bankının hökumətlə əlaqələr üzrə direktoru Nensi Smitə (Nancy K. Smith) Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən təqdim olunmuş rəsmi məktubda bu xeyriyyəçilik aktının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi ilə əlaqədar həyata keçirilməsinin təsadüfi olmadığı qeyd edilərək, ulu öndərin sosial vəziyyəti çətin olan təbəqələrə daim böyük qayğı göstərdiyi bildirib.
N.Smit Azərbaycan hökumətinə təmsil etdiyi təşkilat adından böyük minnətdarlığını ifadə edərək, bu addımın çox yüksək qiymətləndirildiyini söyləyib.
Nəhayət, səfirliyin müraciəti əsasında, Vaşinqton şəhərində yerləşən İslam Mərkəzində mərhum Prezidentimiz Heydər Əliyevin ruhuna dualar oxunub və ona Allahdan rəhmət dilənib. Qarşıdan gələn cümə günü isə səfirlik tərəfindən İslam Mərkəzində cümə namazının ardınca ehsan veriləcək.