Geopolitik koordinatların dəyişkənliyi ilə seçilən hazırkı şəraitdə GUAM ölkələrinin Avropa strukturlarına inteqrasiyasının sürətləndirilməsi məsələsinin aktuallığı xeyli artıb.
Prizmanın həmin bucağından baxdıqda, biz GUAM-ı Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın Avropa İttifaqına inteqrasiyasının daha münasib bir formatı kimi görürük.
ERtv xəbər verir ki, bunu Gürcüstanın paytaxtında keçirilən GUAM Parlament Assambleyasının (PA) 6-cı iclasına qatılan, orada çıxış edən və həmin tədbirin yekunlarını şərh edən millət vəkili Əli Məsimli dilə gətirib.
Millət vəkili bildirib ki, GUAM timsalında Avropa standartları, meyarları və təcrübəsinə müvafiq gələn sivil münasibətlər məkanı yaratmaqla, ölkələrimizin ərazisində olan münaqişələrin tənzimlənməsində öz potensialımızın artırılması və bu yöndə qüvvələrin səfərbər edilməsi olduqca vacibdir.
Onun sözlərinə görə, hazırkı geopolitik reallıqlar diktə edir ki, Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova “Şərq tərəfdaşlığı” layihəsini iştirakçıları kimi ikitərəfli və çoxtərəfli əməkdaşlığın yeni mərhələsinə çıxmalı və beynəlxalq aləmdə özlərini daha yüksək səviyyədə təqdim etməlidir.
Bununla yanaşı, millət vəkili deyib ki, Rusiya, Belarus və Qazaxıstanın yaratdıqları Gömrük İttifaqına girmədən, MDB-dən olan partnyorlarımızla da bərarəbərhüquqluluq və qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanan sivil münasibətlərin inkişaf etdirilməsi çox zəruridir:
“Biz “Şərq Tərəfdaşlığı” layihəsində iqtisadi sahədə əməkdaşlıqla yanaşı, sabitlik və təhlükəsizliyin təmin edilməsi məsələsinə də yer verilməsini yüksək qiymətləndiririk. Hesab edirik ki, yalnız Avropa və Avroatlantik inteqrasiya GUAM ölkələrini təhlükəsiz və davamlı inkişaf trayektoriyasına çıxara bilər.
Eyni zamanda hesab edirik ki, Xəzərin enerji resurslarından istifadə etmədən Avropanın enerji təhlükəsizliyinin etibarlılığını artırmaq mümkünsüzdür. Belə vəziyyət GUAM-la Avropa strukturlarının əməkdaşlığının sürətlənməsi və dərinləşməsi, eləcə də Avropa strukturlarının Azərbaycan, Gürcüstan və Moldova ərazilərində olan konfliktlərin həllində fəal iştirak etmələri üçün praqmatik əsas yaradır.
Həmin konfliktləri beynəlxalq hüquq normaları və qəbul edilmiş qərar və qətnamələrə uyğun surətdə həll etmədən GUAM regionunda etibarlı sabitlik və davamlı tərəqqiyə nail olmaq və deməli həm də Avropanın enerji təhlükəsizliyini etibarlı şəkildə təmin etmək olmaz.
Münaqişələrin həllinin yubadılması Avropa üçün böyük önəm daşıyan layihələrin də reallaşdırılmasına mane olur. Ona görə bu baxımdan, Azərbaycan Avropanın bir nömrəli məsələsi olan enerji təhlükəsizliyi məsələsində necə mühüm rol oynayırsa, Avropa strukturları da Azərbaycanın əsas problemi olan Qarabağ probleminin, qəbul etdikləri qərar və qətnamələrə uyğun ədalətli həll olunmasında fəallıqlarını artırmalıdırlar”.