İranın siyasi kursunun dəyişməsi İslam Respublikasının yeni prezidenti Həsən Ruhaninin həm fəaliyyətində, həm də xarici görünüşündə zahir olur.
Belə ki, bu günlərdə sosial şəbəkələrdə idman yerişi ilə məşğul olan 64 yaşlı prezidentin şəkilləri yayılıb.
Ruhani şəkillərdə orta statistik avropalı və ya amerikalıdan çətinliklə fərqlənir. İran prezidentinin bu addımını ölkəsinin təkcə siyasi səviyyədə deyil, bütün sahələrdə dəyişməsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq kimi qiymətləndirmək olar.
Ölkə Ruhaninin gəlişi ilə üzünü qərb həyat tərzinə çevirməklə təfəkkür tərzini tədricən dəyişir. Cari ilin iyun ayında dövlət başçısı postuna gəlişindən sonra Ruhani özünü uğurlu, həm də liberal idarəçi kimi göstərməyə macal tapıb. O, altı aydan az bir müddətdə əvvəlki İran lideri Mahmud Əhmədinejadın tutduğu dünyadan təcrid kursunu dəyişməyi bacardı. Sentyabrın sonlarında Ruhaninin təşəbbüsü ilə onun ABŞ prezidenti Barak Obama ilə telefon danışığı baş tutdu və bu 1979-cu ilin İran inqilabından sonra iki liderin ilk birbaşa danışığı oldu.
BMT Baş Assambleyasında çıxış edən Ruhani nüvə problemi üzrə nəticəyə yönələn danışıqlar aparmağa hazır olduğunu bildirmişdi. Və bu nəticəyə nail oldu. Noyabrda Cenevrədə aparılan son danışıqlar İran və beynəlxalq vasitəçilər “altılığı” arasında çoxdan gözlənilən sazişin əldə olunması ilə başa çatdı.
Tərəflər İranın nüvə proqramının miqyasının əhəmiyyətli dərəcədə azaldılması üzrə tədbirlər barədə razılaşdılar. Xüsusilə də, İran uranın 5%-dən artıq zənginləşdirilməsinə son qoymaq, plutonium və sentrifuq istehsalının dayandırılması, AEBA müfəttişlərini öz nüvə obyektlərinə buraxacağına dair üzərinə öhdəlik götürüb.
Əvvəlki İran lideri Mahmud Əhmədinejadın cəmiyyətin əsasən aşağı təbəqəsinə yönəlmiş xarici siyasət səyləri həmçinin sabiq prezidentin xarici görünüşündə də öz əksini tapmışdı.
Onun özünəməxsus qeyri-rəsmi üslubu var idi, camaat arasında həmişə yaxası açıq əzilmiş pencəkdə, yaxalığı əzik köynək və mütləq qalstuksuz görünürdü. Əhmədinejadın imicinin bir hissəsi də onun saqqal saxlamağı idi.
Əhmədinejad dövlətin birinci şəxsi üçün belə qeyri-ənənəvi bir zahiri görünüşdə rəsmi görüşlər keçirir və beynəlxalq tribunalardan, eləcə də, BMT Baş Assambleyasının iclaslarında çıxış edirdi.
Məşhur Azərbaycan şərqşünası, professor Gövhər Baxşəliyeva demişkən, İran dövləti kursun yenilməsinə çoxdan ehtiyac duyurdu və yeni prezidentin ilk addımları sabah üçün çoxdan gözlənilən nikbinlik gətirdi.
“Xalq çoxdan əmin idi ki, əvvəlki rəhbərliyin tutduğu kurs ölkəni iqtisadi gerilik və siyasi təcridə doğru aparır. Yeni prezidentin ilk addımları təkcə iranlılara deyil, həm də bütün dünya ictimaiyyətinə böyük ümid verir”, - deyə G.Baxşəliyeva 1news.az-a bildirib.