Bu gün xalq artisti, keçmiş Musiqili Komediya Teatrının yaradıcılarından olan Lütfəli Abdullayevin anım günüdür.
ERtv xəbər verir ki, görkəmli sənətkarın vəfatından 40 il ötür.
Qeyd edək ki, Lütfəli Abdullayev 1914-cü il martın 22-də indiki Şəki şəhərində anadan olub.
Oradakı yeddiillik məktəbi bitirib. Bir neçə ay Şəki Fəhlə Gənclər Klubunun dram dərnəyində çalışıb. Klubda kiçik məsxərələrdə və tərcümə olunmuş, təbdil edilmiş vodevillərdə oynayıb. 1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev konservatoriyanın valtorna sinfinin məşğələlərində iştirak etməyə başlayıb. Vokal sənətinə marağı olduğuna görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olub.
Dərslərinin gedişatını müəyyən yönə salıb sistemləşdirdikdən sonra yaşının azlığına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub.
Tezliklə o, yardımçı aktyor kimi sözsüz və epizod rollarda, qısa vaxtdan sonra “Arşın mal alan” operettasında Vəli rolunda oynayıb.
1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilib. Teatr 1949-cu ilin yazında maliyyə çətinliyi ilə bağlı fəaliyyətini dayandırmalı olanda Lütfəli Abdullayev Akademik Milli Dram Teatrına keçib. Burada Tulio (“Rəqs müəllimi”, Lope de Veqa), Rəşid (“Kimdir müqəssir?”, Georgi Mdivani), Tağı (“Köhnə dudman”, Əbdürrəhim bəy Haqverdiyev), Oddamdı (“Od gəlini”, Cəfər Cabbarlı), Nadir (“Çiçəklənən arzular”, Məmmədhüseyn Təhmasib) rollarında çıxış edib. İki ildən sonra o, Azərbaycan Dövlət Filarmoniyasının nəzdində estrada ansamblı kimi çıxış edən muskomediya truppasında işləməyə başlayıb.
1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Azərbaycan və rus bölmələri Şəmsi Bədəlbəylinin bədii rəhbərliyi ilə yenidən fəaliyyətə başlayıb. Lütfəli Abdullayev teatrın aparıcı sənətkarı kimi Musiqili Komediya Teatrının, demək olar, ən populyar, uğurlu və uzunömürlü tamaşalarında çıxış edib.
Aktyorun milli və tərcümə klassik əsərlər əsasında müasir bəstəkarların musiqi bəstələdikləri komediyalardakı Kərim (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə və Niyazi), Qulaməli (“Dərviş Məstəli şah”, Mirzə Fətəli Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Trufaldino (“İki ağanın bir nökəri”, Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Hacı Qara (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə və Vasif Adıgözəlov ilə Ramiz Mustafayev), Baqqal (“Keçmişin məişət səhnələri”, Mirzə Ələkbər Sabirin satirik şeirləri əsasında libretto müəllifi Soltan Dadaşov və bəstəkar Vasif Adıgözəlov) rollarını da buraya daxil etmək olar.
Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı “Arşın mal alan” filmində Vəli rolu olub. O, həmçinin “Əhməd haradadır?” (Zülümov), “Ulduz” (Məhəmməd), “Qəribə əhvalat” (Kefcilov) filmlərinə çəkilib.
L.Abdullayev 1943-cü ildə Əməkdar, 1960-cı ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Sevilən aktyor 1973-cü il dekabrın 9-da Bakıda vəfat edib. İkinci Fəxri xiyabanda dəfn olunub.