Prezident Vladimir Putin “Rossiya seqodnya” (“Rusiya bu gün”) beynəlxalq xəbər agentliyi” federal dövlət unitar müəssisəsinin yaradılması haqqında fərman imzalayıb.
Onun fəaliyyətinin əsas istiqaməti Rusiyada baş verən hadisələrin xaricdə işıqlandırılması olacaq.
ERtv “Vedemosti”yə istinadən xəbər verir ki, prezidentin “Dövlət kütləvi informasiya vasitələrinin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə bəzi tədbirlər haqqında” fərmanın mətni Kremlin saytında dərc olunub.
Yeni informasiya agentliyinin yeganə icraçısı prezident tərəfindən təyin və azad olunan baş direktor olacaq. Bu vəzifə “Vesti nedeli” proqramının aparıcısı, telejurnalist Dmitri Kiselyevə həvalə olunub.
Fərman Zubovski bulvarı, ev 4-dəki binalar kompleksini “Rossiya seqodnya”nın ünvanı kimi müəyyən edir. Bu fərmanla “RİA Novosti” Rusiya beynəlxalq xəbər agentliyi ləğv olunur. Bu beynəlxalq informasiya agentliyinin təsis etdiyi təşkilatlarla bağlı təsisçi hüquqları “Rossiya seqodnya”ya keçir.
“RİA Novosti”nin Rusiyadakı və Rusiya Federasiyasının dövlət siyasəti və Rusiya Federasiyasının ictimai həyatınının xaricdə işıqlandırılması üçün istifadə olunan xaricdəki əmlakı da yeni agentliyin ixtiyarına keçəcək.
Sözügedən fərman “Qolos Rossii” Rusiya dövlət radioyayım şirkəti” federal dövlət büdcə müəssisəsini də ləğv edir. Sənədə müvafiq olaraq onun da əmlakının operativ idarə olunması da “Rossiya seqodnya”nın ixtiyarına keçir.
Eyni zamanda “Dövlət televiziya və radio proqramlar fondu” federal dövlət büdcə müəssisəsi də ləğv olunur, onun əmlakı isə Rusiya Dövlət Teleradio Şirkətinə keçir. Həmçinin “Rusiya kitab palatası” federal dövlət büdcə elm müəssisəsi ləğv olunur, onun əmlakı İTAR TASS-a verilir.
Eyni fərmanla “Rossiyaskaya qazeta” Redaksiyası” federal dövlət büdcə müəssisəsi “Rodina” jurnalı redaksiya”sına birləşir.