Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət nəticəyə nail olmaq üçün əlindən gələni etməyə hazırdır.
Bu barədə ERtv-yə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Kiyev görüşü və həmsədr ölkələrlə birgə Dağlıq Qarabağa dair qəbul edilmiş bəyanata münasibət bildirərkən deyib.
Səfir bu yaxınlarda Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada baş tutan görüşünü xatırladıb:
“Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda Vyanada keçirilən görüşü çox vacib idi. Çünki uzun müddət sonra dövlət başçılarının yenidən dialoqu baş tutdu. İki ölkənin xarici işlər nazirlərinin yaxın gələcəkdə görüşəcəkləri qərara alındı. Bu görüş dekabrın 5-də Kiyevdə ATƏT Nazirlər Şurasının iclası çərçivəsində keçirildi. Biz hesab edirik ki, hər iki tərəf Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həlli yolunun tapılması üçün öz səylərini davam etdirəcəklər”.
Bu yaxınlarda Strasburqda Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti təmsilçilərinin görüşünə də toxunan səfir, bu görüşü yaxşı siqnal adlandırıb:
“Hər iki tərəfin öz gələcəyini bir yerdə düşünüb, problemin tezliklə həllinin tapılması üçün bu cür müzakirələr aparması çox yaxşıdır”.