Azərbaycan Dillər Universitetində (ADU) “ADU-nun professor-müəllim heyətinin 1948-2010-cu illərdə nəşr olunmuş əsərlərinin biblioqrafiyası” adlı kitabın təqdimat mərasimi keçirilib.
ERtv xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, millət vəkili Səməd Seyidovuniversitetin həyatında əlamətdar bir hadisənin şahidi olduqlarını iştirakçıların diqqətinə çatdırıb.
İki dildə - Azərbaycan və rus dillərində nəşr olunun kitabın ərsəyə gəlməsində xidməti olan şəxslərə təşəkkürünü bildirən S.Seyidov əsərin nəşr olunmasını universitetin elmə verdiyi qiymətdən irəli gəldiyini bildirib.
Rektor elmi fəaliyyətin böyük zəhmət tələb etdiyini və yaradıcılıq prosesinin də mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
ADU rəhbəri bildirib ki, əsərləri bir yerə toplayaraq biblioqrafiya hazırlamaq nə qədər çətin olsa da, bir o qədər də şərəfli və əhəmiyyətli bir işdir.
Universitetin əməkdaşlarının bu məsuliyyətli işin öhdəsindən ləyaqətlə gəldiyini deyən S.Seyidov fundamental biblioqrafik göstəricinin yüksək səviyyədə hazırlandığını vurğulayıb.
O, bildirib ki, böyük zəhmət tələb edən elmi göstəricinin tərtibi ali məktəblər arasında ilk təşəbbüs olduğundan qiymətli bir əsərdir.
S.Seyidov əsərin dilçilik elminin inkişafında mühüm təsir göstərəcək sanballı elmi bir əsər kimi meydana çıxdığını da diqqətə çatdırıb.
Rektor biblioqrafiyanın gələcəkdə digər dillərdə nəşr olunacağına, eləcə də elektron versiyasının da hazırlanacağına əminliyini ifadə edib.
Biblioqrafiyanın elmi redaktorlarından biri olan Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev isə çıxışında bu işə 1985-ci ildən başlandığını və geniş elmi araşdırmalar aparılaraq əhəmiyyətli bir əsər kimi meydana gəlməsindən söz açıb.
Ə.Əliyev bildirib ki, bu prosesə bir müddət subyektiv səbəblərdən fasilə verilsə də, 2000-ci ildə S.Seyidov universitetə rektor təyin olunduqdan sonra yenidən kitabın hazırlanması istiqamətində fəaliyyətə başlanılıb.
Qeyd edək ki, kitab bu il “Mütərcim” nəşriyyatında iki dildə - Azərbaycan və rus dillərində çap olunub. Kitabın elmi redaktorları ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov və Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyevdir.
Tərtibatçıları isə Səkinə Qasımova, Şükufə Məmmədova, Zümrüd Qasımova, Firuzə Şıxıyeva, Zalxa Cəfərova və Ziyadə Atakişiyevadır. Kompüter tərtibatçısı Sədaqət Yusifovadır.
Kitaba ön sözü ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov yazıb.