İran-Azərbaycan münasibətlərində heç bir soyuqluq müşahidə edilmir.
ERtv-nin verdiyi xəbərə görə, bunu çərşənbə günü jurnalistlərə İran İslam Respublikasının Azərbaycandakı səfiri Mohsün Pakayin deyib.
Diplomatın sözlərinə görə, noyabrın 26-da Tehranda Azərbaycanın və İranın XİN rəhbərlərinin görüşü baş tutub.
Azərbaycan-İran sərhədindəki problemlər mövzusuna toxunan səfir qeyd edib ki, belə hallar qonşu dövlətlə geniş sərhədlərə malik olan hər bir ölkədə yaşana bilər.
Onun sözlərinə görə, sözügedən problem həllini tapıb: “Aparılan məsləhətləşmələrin nəticəsində Bakıda dekabr ayında Azərbaycan-İran sərhəd komissiyasının iclasının keçirilməsi nəzərdə tutulub, sözügedən iclasda digər məsələlərlə yanaşı Culfa sərhəd-buraxılış məntəqəsindəki problem də müzakirə olunacaq.
Səfir qeyd edib ki, Araz çayının Culfadan keçən hissəsindəki körpü həm mənəvi, həm də fiziki baxımdan aşınaraq köhnəlib, ona görə də istənilən an uçmaq təhlükəsi ilə üzləşə bilər. İran həmin körpüdən ağırtonnajlı yük maşınlarının keçməsinə məhdudiyyət qoyub.
“Bu problemlər yeni körpü istifadəyə veriləndən sonra aradan qaldırılacaq. Bu, sırf texniki məsələdir və onu siyasiləşdirməyə ehtiyac yoxdur” – səfir bildirib.