Hər il olduğu kimi, bu il də ənənəvi olaraq şotlandlar Bakı şəhərində Müqəddəs Endryu gününü qeyd edəcəklər.
ERtv xəbər verir ki, Bakı Kaledoniya Cəmiyyətinin təşkil etdiyi bayram tədbirlərinin bir hissəsi kimi Şotlandiya milli musiqi ifaçıları olan zurnaçılar qrupu İçəri Şəhərdə bayram yürüşü keçirəcəklər.
Bu gündən İçəri Şəhərdə şotland ab-havası yaşanacaq.
Şotland tuluq zurnaçıları parada öz musiqilərini səsləndirərək Qoşa Qala Qapısının qarşısındakı əsas meydanda başlayacaq və daha sonra Müqəddəs Endryu gününün mədəniyyətlərarası xarakterini təcəssüm etdirmək üçün İçəri Şəhərin küçələrindən keçəcəklər.
Tuluq zurnaçılarının nümayişi İçəri Şəhərin əsas küçələrində təxminən bir saat davam edərək, Qız Qalasının yanında başa çatacaqdır. Sonda Qız Qalasının qarşısındakı meydanda şotland musiqisinin sədaları altında milli rəqslər nümayiş olunacaq.
Qeyd edək ki, Şotlandlar Müqəddəs Endryunu Şotlandiyanın himayəçisi hesab edir və onun şərəfinə hər il noyabr ayında bayram tədbirləri keçirir. Bu, şotlandların milli bayramıdır. Şotlandiyadan musiqiçilər bu günü qeyd etmək üçün Bakıya gələrək bu yolla öz mədəniyyətlərini fərqli mədəniyyətlərin beşiyi olan şəhərimizdə təbliğ edirlər.