Bakı-Qazax magistralında yerləşən körpü qəzalı vəziyyətə düşüb.
ERtv-nin bölgə müxbirinin verdiyi məlumata görə, son günlər qərb bölgəsində müşahidə olunan yağışlı hava, eləcə də ağır tonnajlı avtomobillərə normadan artıq yükün vurulması respublika əhəmiyyətli yollarından olan Bakı-Qazax-Gürcüstan magistralının 372 km-də bir sıra fəsadlar yaradıb.
Magistral yolun Şəmkir rayonun Könüllü kəndi ərazisində yerləşən çayın üzərində mövcud olan körpü keçidi bir neçə gündür ki, qəzalı vəziyyətə düşüb. Körpü keçidinin mərkəzində iri çatlar və çöküntü əmələ gəlib ki, bu da hər an uçma təhlükəsi ilə nəticələnə bilər. Daimi bu yoldan istifadə edən sürücülər isə körpüdə yaranmış vəziyyətdən narahatdırlar. Onlar bildiriblər ki, yolla hərəkətdə olan zaman avtomobilin kiçik bir çuxura düşməsi ağır yol nəqliyyat hadisəsi ilə nəticələnə bilər.
Yaranmış vəziyyətlə əlaqədar yolun bu hissəsindən gediş-gəliş qismən məhdudlaşdırılıb. Ərazidə Baş Dövlət Yol Polisi İdarəsinin yol patrul alayının 9 taqımının əlavə polis əməkdaşları növbə çəkir.
Polisdən bildirdilər ki, problemlə bağlı aidiyyəti qurumlara məlumat verilib. Təhlükəsizlik məqsədi ilə avtomobil yoluna xüsusi yol nişanları yerləşdirilib. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev vəziyyətdən xəbərdar olduğunu və yaxın günlərdə körpünün qəzalı olan hissəsinin təmirinə başlanılacağını bildirib.