“Happier” adlı internet saytının yeni xidməti dünyada texnologiya sahəsində fəaliyyət göstərən nəhəng şirkətlərin saniyədə nə qədər gəlir əldə etdiklərinin statistikasını göstərib.
ERtv xəbər verir ki, siyahı şirkətlərin illik xalis gəlirinə baxılaraq hazırlanıb.
Həmin siyahıya görə, ən çox qazanan şirkət son illərdə telefon və planşetlərin satışı ilə sürətlə yüksələn Koreyanın “Samsung” şirkətidir. Şirkət saniyədə 6486 dollar gəlir əldə edir.
“Happier” saytının siyahısına görə, saniyədə ən çox gəlir əldə edən ikinci texnologiya şirkəti “Samsung”un əsas rəqibi ABŞ-ın “Apple” şirkətidir. “Apple” şirkətinin saniyədə qazancı 4540 dollar təşkil edir.
Üçüncü ən çox qazanan texnologiya şirkəti isə mərkəzi ofisi Tayvanda yerləşən elektronika emalı ilə məşğul olan “Foxconn” şirkətidir. Şirkət saniyədə 3815 dollar qazanır.
Mərkəzi ABŞ-da yerləşən “Hewlett-Packard” (HP) şirkəti saniyədə 3459 dollar qazancla bu siyahıda dördüncü yerdədir.
Siyahıda növbəti yeri isə texnologiya və konsaltinq sahəsində ixtisaslaşmış transmilli ABŞ şirkəti IBM (International Business Machines) tutur. Saytın təqdim etdiyi siyahıya görə, IBM şirkəti saniyədə 3166 dollar gəlir əldə edir.
Saytın siyahısına görə dünyanın bir nömrəli proqram təminatçısı “Microsoft” şirkətinin saniyədə qazancı isə 2331 dollar həcmindədir.
Nəhəng onlayn alış-veriş xidməti təqdim edən “Amazon.com” isə saniyədə 1996 dollar qazanır.
Saytın siyahısına görə, ən böyük axtarış sistemi “Google”un saniyədə gəliri 1873 dollar məbləğindədir.
Ən böyük fərdi kompüter istehsalçılarından olan “Dell” şirkəti isə saniyədə 1865 dollar gəlir əldə edir.
Siyahıya görə elektron avadanlıqlar, kompüter komponentləri, mikroprosesserlər istehsalı ilə məşğul olan “Intel” şirkəti isə saniyədə 1628 dollar qazanır.
Saytda korporativ şəbəkələr üçün avadanlıqların istehsalı ilə məşğul olan “Cisco” şirkətinin saniyədə əldə etdiyi gəlir 1594 dollar həcmində göstərilib.
Texnologiya sahəsində nəhəng şirkətlərdən olan “Oracle” şirkətinin saniyədə qazancı 1068 dollar təşkil edir.
Bir neçə il öncəyədək telefon satışında bazarda böyük payı olan, lakin son illərdə bu bazarda rəqiblərinə uduzan və bu ilin sentyabr ayında “Microsoft” tərəfindən 7,2 milyard dollara satın alınan “Nokia” şirkəti də bu siyahıda yer alıb.
Siyahıya görə, “Nokia” şirkəti saniyədə 941 dollar gəlir əldə edir.
Saytın siyahısına görə 1 milyarddan çox istifadəçisi olan “Facebook” sosial şəbəkəsinin saniyədə qazancı 230 dollar məbləğindədir.
Siyahıya görə, bu yaxınlarda iflas etdiyi barədə məlumatlar yayılan “BlackBerry” şirkətinin isə saniyədə qazancı 205 dollar təşkil edir.