Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili Səməd Seyidov Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqi qəbul etdi.
ERtv-nin məlumatına görə, qonağı salamlayan rektor ona universitet haqqında ətraflı məlumat verib.
ADU-nun Böyük Britaniya universitetləri ilə əlaqələrinə toxunan S.Seyidov Böyük Britaniyanın Esseks və Qlazqo universitetləri ilə əməkdaşlıqdan söz açıb.
O, Esseks Universiteti ilə ADU arasında ikili diplomların tətbiqindən, İpsviç Universiteti ilə münasibətlərin yüksək səviyyədə qurulmasından danışıb.
Səmimi qəbula görə təşəkkür edən səfir İ.Siddiq Azərbaycan və Böyük Britaniya əlaqələrindən, universitetlərarası münasibətlərdən, təhsil sahəsindəki əməkdaşlıqdan danışıb.
Təhsil sahəsindəki əməkdaşlığın hər zaman vacib olduğunu deyən İ.Siddiq səfirliyin səmərəli əməkdaşlıq üçün müxtəlif təhsil layihələrini həyata keçirdiyini diqqətə çatdırıb.
Görüşdən sonra səfir İ.Siddiq ADU-nun tələbələri ilə görüşüb. O, tələbələr qarşısında Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Avropa İttifaqı və Avropa İttifaqının Şərq ölkələri ilə əlaqələri” mövzusunda məruzəylə çıxış edib. Sonda səfir tələbələrin suallarını cavablandırıb.