Gəncədə təmir aparılan yaşayış evində partlayış baş verib.
Bu barədə məlumatı ERtv-yə Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən veriblər.
Məlumata görə hadisə saat 19.30 radələrində şəhərin Atatürk prospekti 247 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsində, Gəncə şəhər sakini, 53 yaşlı Cavanşir Əliyeva məxsus 16 saylı mənzildə baş verib. Məlumata görə evdə təmir işləri aparan iki nəfər mənzilin döşəməsini boya sürtdükdən sonra siqaret çəkiblər. Nəticədə qapı və pəncərəsi bağlı olan evdə partlayış yaranıb. Hadisə zamanı xəsarət alan olmasa da evə ciddi ziyan dəyib. Partlayışın baş vermə səbəbləri ilə bağlı Gəncə şəhər Nizami rayon Polis İdarəsində araşdırma aparılır. Mənzildə təmir işləri aparan iki nəfər Polis Şöbəsinə aparılıb. Qeyd edək ki, ev sahibi Cavanşir Məmmədov Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinin müdiri vəzifəsində çalışır.