Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi Müəssisələrinin Direktorları Şurasının ilk iclası keçirilib.
AMEA-nın mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, iclasda AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin rəhbərləri, elmi müəssisələrin direktorları iştirak ediblər.
A.Əlizadə gündəlikdə duran məsələlər haqqında məlumat verib. İclasın gündəliyindəki ilk məsələdən söhbət açan akademik bildirib ki, AMEA-nın elmi müəssisələrinin hesabat formatlarının müasir tələblərə cavab vermir:
“Bu baxımdan hesabatların forma və tərtibatlarına diqqət yetirməyi tövsiyə edirəm. Bölmələrin fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə mütəmadi iclasların keçirilməsi və bu kimi görüşlərdə müvafiq dövlət təşkilatlarından mütəxəssislərin iştirakı da zəruridir”.
A.Əlizadə qeyd edib ki, aparılan elmi-tədqiqatların, əldə olunan innovativ nəticələrin həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırılması əsas hədəflərdəndir və AMEA-nın bütün institut və təşkilatlarında ictimaiyyətlə əlaqələrə məsul şəxslərin müəyyənləşdirilməsi də vacibdir.
AMEA prezidenti elmi kadr hazırlığı məsələsinə də toxunub:
“Gənclər üçün Prezident Mükafatı”na namizədliyi Rəyasət Heyətinə təqdim olunan alimlər gələcək kadrlar kimi böyük potensiala malikdirlər. Elmi müəssisələrin rəhbərləri onların tədqiqatlarının daha da inkişaf etdirilməsinə çalışmalıdır. Gənc tədqiqatçılar Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil almağa göndərilməli, onların tədqiqat işlərinin nəticələri elmi şuralarda müzakirə olunmalıdır”.
“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın yekunlaşmaq üzrə olduğunu xatırladan akademik A.Əlizadə AMEA-nın 2020-ci ilə qədərki inkişafını nəzərdə tutan sənədin hazırlanmasını tövsiyə edib və bildirib ki, Akademiyanın bütün elmi müəssisə və təşkilatlarının kollektivləri bu istiqamətdə öz təkliflərini Rəyasət Heyətinə təqdim etməlidirlər.
İclasda Azərbaycan alimlərinin qurultayı və elm festivalına hazırlıq, institut və təşkilatların idarəetmə sisteminin gücləndirilməsi, doktoranturaya qəbul və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib.
A.Əlizadə AMEA-nın 70 illik yubileyi, Azərbaycan alimlərinin I qurultayı və Elm Festivalına hazırlıq haqqında da danışıb. Həmçinin Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası Şurasının iclasının Bakıda keçirilməsi təklif olunub.