Noyabrın 15-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) ABŞ-ın Arizona ştatının Senat və Nümayəndələr Palatasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirmişdir.
ARDNŞ-in mətbuat xidmətindən Gün.Az-a verilən xəbərə görə, Azərbaycan ilə ABŞ arasındakı siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, bu cür səfərlərin mühüm rol oynadığını qeyd edən şirkətin prezidenti Rövnəq Abdulayev qədim neft diyarı olan Azərbaycanın sosial-iqtisadi inkişafında qazanılmış uğurlardan danışmış, bu uğurlarda neft-qaz sektorunun rolunu qeyd etmiş, xüsusilə respublikanın qaz ixrac edən ölkələr arasında özünə layiqli yer tutması, qonşu Gürcüstan və Türkiyənin enerji təhlükəsizliyində mühüm rol oynaması, şirkətin xaricdə həyata keçirdiyi investisiya proqramları barədə ətraflı söz açmışdır.
Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın alternativ təbii qaz mənbəyi kimi verəcəyi töhfələrdən danışan Rövnəq Abdullayev artıq “Şahdəniz-2” layihəsi üzrə çıxarılacaq qazın həcmlərinin, nəql marşrutunun seçildiyini, Avropa alıcıları ilə müqavilələrin imzalandığını diqqətə çatdırmışdır. ARDNŞ-in prezidenti “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” kimi mühüm layihələrin həyata keçirilməsində ABŞ hökumətinin verdiyi dəstəyi yüksək qiymətləndirmişdir.
Azərbaycanın yalnız müstəqillik dövründə öz zəngin təbii sərvətlərinin sahibi olduğunu vurğulayan R.Abdullayev təxminən 160 illik neftçıxarma dövründə Bakıda və Abşeron yarımadasında yaranmış ekoloji problemlərdən danışmış, bu problemlərin həlli istiqamətində görülən işlər haqqında qonaqları məlumatlandırmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” tövsiyəsinə uyğun olaraq azərbaycanlı gənclərin Avropa və Amerikadakı nüfuzlu ali məktəblərdə təhsil almaları istiqamətində ARDNŞ də həyata keçirilən tədbirlərdən geniş bəhs edən R.Abdullayev regional və qlobal əhəmiyyətli layihələrin icrasında həmin gənclərin bilik və bacarığından səmərəli istifadə olunduğunu bildirmişdir.
Arizona ştatının Senat və Nümayəndələr Palatasının üzvləri Azərbaycana səfərdən böyük məmnunluq duyduqlarını bildirmiş, ölkəmizdə olduqları yerlər, keçirdikləri görüşlər haqqında razılıq hissi ilə danışmışlar. Azərbaycanda iqtisadi inkişafla yanaşı ətraf mühitin qorunmasına diqqət göstərildiyini, millətlər və dinlərarası münasibətlərin yüksək səviyyədə qurulduğunu vurğulayan qonaqlar onları maraqlandıran məsələlərlə bağlı ARDNŞ prezidentinə suallar vermişlər.
Qonaqların sualları ətraflı cavablandırılmışdır.