Sabirabad rayonunda baş verən zəncirvarı yol qəzasında 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
BDYPİ-nə istinadən ERtv-nin bölgə müxbiri xəbər verir ki, yol qəzası Hacıqabul-Bəhrəmtəpə magistral yolunun 24-cü kilometrliyində Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində qeydə alınıb.
Belə ki, dumanlı havada Sabirabad şəhər sakini, 23 yaşlı Elçin Nizami oğlu Cəfərov idarə etdiyi “Lada Priora” markalı avtomobil Hacıqabul rayonu istiqamətində hərəkətdə olan rayonunun Şəhriyar kənd sakini, 32 yaşlı Elvin Ağamoğlan oğlun Aslanovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.
Sonra “Mercedes” əks istiqamətdə hərəkətdə olan Gürcüstan vətəndaşı, 45 yaşlı Ramiz Nəsibovun idarə etdiyi “HOWO” markalı yük maşınına çırpılıb.
Qəza zamanı “Mercedes” markalı avtomobildə olan sərnişin, rayonun Şəhriyar kənd sakini, 35 yaşlı Valeh Şəhriyar oğlu Fərzəliyev hadisə yerindəcə dünyasını dəyişib, digər sərnişin Şəhriyar kənd sakini, 25 yaşlı Məmmədov Səyyad Natiq oğlu Məmmədov və minik maşınlarının hər iki sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal Sabirabad rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.