İtaliyada derbi matçı yarımçıq dayandırılıb.
ERtv Türkiyə mətbuatına istinadən xəbər verir ki, İtaliyanın 3-cü liqasında “Salernitana” və “Noçerina” klubları arasındakı derbidə baş verənlər hamını şok salıb.
Hələ oyundan bir neçə gün əvvəl “Noçerina”nın azarkeşlərinin klubun bazasına hücum etməsi oyun günü baş verə biləcək hadisələrə “siqnal” olub.
Derbidə qonaq komandanın azarkeşlərinin meydana buraxılmamasına görə səfər matçına gedə bilməyən “Noçerina”lılar, futbolçuları da oyuna çıxmamaq üçün təhdid ediblər. Klub rəhbərliyi uzun danışıqlardan sonra azarkeşlərlə razılaşıb və futbolçular oyuna çıxıb.
Lakin, oyun başlar-başlamaz “Noçerina”nın baş məşqçisi hamını təəccübləndirib. O, 2-ci dəqiqədə 3 oyunçu dəyişikliyi birdən edib. 20-ci dəqiqəyə qədər isə “Noçerina”nın 5 futbolçusu müxtəlif səbəblərə görə zədələniblər.
“Noçerina”nın dəyişiklik haqqı olmadığı üçün meydandan azlıqda qalıblar. Hakim isə rəqib komanda meydanda 6 nəfər olduğu üçün matçı yarımçıq dayandırıb.
Ev sahibi “Salernitana” azarkeşləri bundan əsəbiləşib və “Noçerina” futbolçularının üstünə bərk cisimlər atıblar.
Bu zaman stadionun üzərində “Salernitana” azarkeşlərinə hörmət edin” yazılan plakatla uçan helikopterlə etiraz etiraz edilib.
Yaşanan bu hadisələrdən sonra İtaliya Futbol Federasiyası genişmiqyaslı araşdırmalara başlayıb.