Parlamentdə keçirilən büdcə müzakirələrində çıxışı zamanı Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ölkədə həkimlərin və müəllimlərin əmək haqları ilə bağlı həmkarlarının iradlarına haqq qazandırıb.
ERtv-nin verdiyi məlumata görə, millət vəkili çıxışında qeyd edib ki, bu iradlar haqlı olasa da, amma heç bir ölkədə bizimki qədər büdcə bu qədər yüklənmir:
“Ona görə də lazımdır ki, burada özəl sektorlara üstünlük verilsin. Bu barədə özəl sektorların fəaliyyətinə diqqət edilməlidir”.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə güclü inkişaf getdiyini xatırladan YAP rəsmisi həmçinin, ölkədə ixrac və idxal olunan məhsulların nomenklaturası arasında müqayisənin aparılmasının lazım olduğunu bildirib:
“Texnoparkların salınması ilə yanaşı, mütləq yüngül sənaye sahələri də inkişaf etdirilməlidir”.
M.Qurbanlının dediyinə görə, ölkədə xüsusi emal müəssisələri yaradılır, amma bu müəssisələrin gəlir əldə etmək imkanları zəifdir:
“Bu da elektrik enerjisi qiymətinin baha olması ilə əlaqədardır. Bir çox ölkələrdə bu emal müəssisələrinə vətəndaşlarla nisbətdə güzəştli elektrik enerjisi verilir. Bunu biz də nəzərə almalıyıq. Belə olmasa, həmin müəssisələrin rentabelliyi olmayacaq”.