Dövlət büdcəsi kəsirinin ÜDM-də xüsusi çəkisi 2,9% olması nəzərdə tutulub.
ERtv xəbər verir ki, bunu Milli Məclisdə 2014-cü il üçün Dövlət büdcəsinin müzakirələri zamanı Hesablama Palatasının sədrinin müavini Adil Məhərrəmov deyib.
O qeyd edib ki, bu beynəlxalq təcrübədə müəyyən edilmiş 3 faizə uyğun olsa da, maksimum həddə yaxındır.
“Lakin borcun maliyyələşmə mənbələrinin reallığa söykənməsi, eləcə də gəlirlər üzrə müəyyən edilmiş proqnozun artıqlaması ilə icra olunması, dövlət büdcəsi xərclərinin 100 faiz icra olunmayacağını nəzərə alaraq faktiki icra üzrə həmin göstəricinin real olacağını deməyə imkan verir”.
A.Məhərrəmov vurğulayıb ki, növbəti ildə ümumi investisiyanın 70%-i qeyri-neft sektoruna qoyulacaq:
“Bütün bunlar investiya imkanlarının genişlənməsi və bunun hesabına digər sahələrin inkişafına müvafiq təminat yaradılması kimi qəbul edilə bilər”.
Onun sözlərinə əsasən, növbəti ildə xarici dövlət borcu üzrə ödənişlər ümumi dövlət borcuna xidmətlə bağlı xərclərin 89,3%-ni təşkil edir ki, bunun da 70,7%-nin əsas borc üzrə ödənişlərə yönəldilməsi nəzərdə tutulub.
“Əsas borc üzrə ödənişlərin xüsusi çəkisinin çox nəzərdə tutulması ölkənin iqtisadiyyatının, cari və davamlı inkişaf tempinin yüksək olması ilə əlaqədar artıq güzəştli kreditlər almaq hüququnu verən şərtlərdən kənarda qalması və bu səbəbdən də Dünya Bankı qrupuna daxil olan Beynəlxalq inkişaf assosiasiyası ilə bağlanmış kredit sazişləri üzrə ödəniş qrafiklərinin dəyişdirilməsi, borcların daha tez qaytarılması üçün maliyyə təminatının formalaşdırılması zərurətini yaradıb.
Növbəti ilin büdcə layihəsində qanunvericiliyə uyğundur və layihədə ölkənin iqtisadi inkişaf göstəriciləri əsas kimi göstərilib ki, bu da büdcə proqnozlarının reallaşacağını deməyə imkan verir”.
Onun sözlərinə əsasən, əvvəliki illərdən fərqli olaraq 2014-cü ildə dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar artıq büdcə kəsirinin maliyyələşdirilməsi mənbəyi kimi nəzərdə tutulmayıb.
A.Məhərrəmov bildirib ki, 400 mln. manat həmin vəsait dövlət büdcəsinin gəliri kimi göstərilib:
“İnvestisiya xərcləri üzrə vəsaitlər əsasən başa çatmaqda olan layihələr üzrə proqnozlaşdırılır ki, bu da həmin istiqamət üzrə xərclərin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcəyinə əminlik yaradır.
Artıq respublikada infrastrukturun formalaşmasının birinci mərhələsi başa çatdığından gələn ilin büdcəsində infrastruktur xərclərinin azaldılması əsaslı hesab edilə bilər”.