9 oktyabr 2013-cü ildə xalqımızın tarixində mühüm hadisə baş verdi.
Azərbaycan vətəndaşları növbəti 5 ildə də bizi uğur, inkişaf, tərəqqiyə aparan ölkə başçısını seçdi.
Azərbaycan xalqının bu seçkilərdə aktiv iştirakı, seçki məntəqələrinə gedib öz rəyini bildirməsi göstərir ki, həqiqətən insanlar öz firavan gələcəkləri naminə siyasi iradə ortaya qoyaraq cənab İlham Əliyevə yüksək etimad göstərdilər.
ERtv Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına istinadən xəbər verir ki, bu fikirləri YAP Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Ramin Məmmədov deyib.
O bildirib ki, Azərbaycan gəncliyi də seçki prosesində olduqca fəal iştirak etdi.
“Bu proseslərin fonunda belə bir mənzərə formalaşır ki, gənclik təkcə dövlətin ona yönəlik siyasətinin iştirakçısı deyil, eyni zamanda bəzi hallarda bu siyasətin formalaşmasında aktyor kimi rol oynayır. Seçki kampaniyası dövründə Azərbaycan gəncliyinin mütləq əksəriyyətinin mövqeyi belə idi ki, ölkəmizin gələcək inkişafı da cənab İlham Əliyevin adı ilə bağlıdır.
Bu mənada gənclərimiz seçki kampaniyası dövründə də İlham Əliyevin təbliğatı prosesində fəal iştirak etdilər. Azərbaycan gəncliyinin böyük əksəriyyəti mənim də təmsil olunduğum YAP Gənclər Birliyinin sıralarında birləşməkdədir. Bir sözlə, gəncliyimizin bu seçkilərdə iştirakı yüksək səviyyədə oldu. Azərbaycan gəncləri firavan, xoşbəxt gələcək naminə cənab İlham Əliyevə səs verdilər”.
R.Məmmədov deyib ki, Azərbaycan xalqının, o cümlədən gənclərin bu seçiminin təbii ki, ciddi əsasları var.
“Seçkilərin nəticələrinə baxdıqda belə fikir formalaşır ki, bu sadəcə cənab İlham Əliyevə verilən səs deyil, bütövlükdə ölkəmizdə Heydər Əliyev siyasətinin alternativinin olmadığının göstəricisidir.
Eyni zamanda, seçkilərin nəticələri Prezident İlham Əliyevin timsalında ölkəmizin inkişafına, azərbaycançılıq məfkurəsinə verilən səsdir. Azərbaycandakı seçkilərin nəticələri həm xalqımızın iradəsinin ifadəsidir, həm də prezidentimizin böyük uğurudur”.
R.Məmmədovun sözlərinə görə, Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak ediblər.
“Bu gün Azərbaycan dövləti öz imkanlarını genişləndirdikcə, bütün sahələrdə dünya birliyi ilə ayaqlaşmağa çalışdıqca, gənclərin də müasir zamana müvafiq inkişafı vacib məsələyə çevrilir. Dövlətimiz bununla bağlı bir çox layihələr reallaşdırıb, minlərlə gəncin xaricdə təhsil alması, savadlı kadr kimi formalaşması üçün lazımi addımları atıb. Fikrimcə, gəncliyimizin inkişafı istiqamətində dövlət səviyyəsində aparılan siyasət yeni mərhələdə də uğurla davam edəcək”.