Millət vəkili Qənirə Paşayevanın TÜYAP-da keçirilən 32-ci Beynəlxalq İstanbul Kitab Sərgisində kitablarının təqdimat-imzalanma mərasimi olub.
ERtv xəbər verir ki, 32-ci Beynəlxalq İstanbul Kitab Sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan stendi yaradılıb.
Stend TÜYAP-ın 12 zalında təşkil olunub. Həmin stenddə Azərbaycan klassik və çağdaş ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, Azərbaycanın tarixi, mədəniyyəti, turizmi və s. ilə bağlı kitablar oxuculara təqdim olunur. Sərgidə millət vəkili Qənirə Paşayevanın “Səndən sonra”, “O”, “Məndən sonra” “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası”, “Xocalı soyqırımı:tanıqların dilindən”, “Nobel mükafatlı qadınlar”, “Aşk deyincə ötesini arama”, “Onun sevgi məktubları” və s. əsərləri də sərgilənir.
Oxuculara müəllifi olduğu kitabları imzalayan millət vəkili bu cür böyük bir sərgidə Azərbaycan ədəbiyyatının nümunələrinin olması və türk oxucularının onun müəllifi olduğu kitablara maraq göstərməsindən məmnun olduğunu bildirib.
“Bu çox gözəl hadisədir ki, Azərbaycanın ədəbiyyatı, tarixi, mətbəxi və s. mövzulu kitabları sərgilənir və təmsil olunur. Bura təkcə Türkiyədən deyil, dünyanın müxtəlif ölkələrindən gələnlər var. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən atılan bu addım Azərbaycanın dünyada daha gözəl tanınması üçün çox mühümdür. Mənə Mədəniyyət və Turizm Nazirliyindən dəvət gələndə bu dəvəti məmnuniyyətlə qəbul etdim. Açığı kitablarımın oxucuların bu qədər boyük marağına səbəb olacağını gözləmirdim. Çünki mənim kitablarımın əksəriyyəti Azərbaycan türkcəsindədir. Müəllifi olduğum kitablar təkcə azərbaycanlı oxucuların yox, türkiyəlilərin də marağına səbəb olub. Bu da məni bir müəllif kimi çox sevindirir. İnşallah gələcək sərgilərdə də iştirak etməkdən məmnun olaram”.
Kitab sərgisini ziyarət edənlər arasında həm də Türkiyədə yaşayan həmyerlilərimiz Xədicə Abbasova, Məlahət Abbasova, Əlixan Səmədov, Jalə Parıltı və başqaları iştirak ediblər.
Məlahət Abbasovanın sözlərinə görə, Beynəlxalq İstanbul Kitab Sərgisində Azərbaycan stendinin də olması çox xoşdur.
“Ancaq təəssüflə deməliyəm ki, Türkiyədə milli musiqimizi tanıtdığımız qədər ədəbiyyatımızı tanıda bilməmişik. Milli ədəbiyyatımız haqqında daha çox bilgi vermək üçün bu cür sərgilər keçirmək ədəbiyyat nümunələrimizi Türkiyə türkcəsinə çevirmək lazımdır. Mən özüm də Q.Paşayevanın “Səndən sonra” kitabını almışam. Ancaq hələ bir neçə kitab almaq da fikrim var”.
Qeyd edək ki, 32-ci Beynəlxalq İstanbul Kitab Sərgisi noyabrın 10-dək davam edəcək. Bu sərgidə 4-cü dəfə iştirak edən Azərbaycan nəşrləri 2 gün nümayiş olunacaq.