Qənirə Paşayeva Giresun Universitetində seminar keçirib.
ERtv xəbər verir ki, Giresun Universitetinin “Karyera Yönləndirmə və Bilgiləndirmə Araşdırma və Tətbiqetmə” Mərkəzi tərəfindən “Qənirə Paşayevadan 10 karyera önərisi” adlı seminar təşkil edilib.
Siyasi elmlər üzrə fəlsəfə doktoru olan Q.Paşayeva Giresun Universitetində uğurlu karyeranın qurulmasından danışıb.
Seminarda universitetdə təhsil alan və içərisində azərbaycanlıların da olduğu xeyli tələbə iştirak edib.
Tədbirdə çıxış edən Giresun Universitetin rektoru Aygün Attar universitetdə təhsil alan tələbələrin uğurlu karyera qura bilməsinin vacibliyini vurğulayıb:
“Mən rektor olmaqla yanaşı eyni zamanda da anayam. Və mənim universitetdə təhsil alan övladlarım var. Nəinki onların, Giresun Universitetində təhsil alan bütün tələbələrimin karyeraları barədə fikirləşirəm. Bu qənaətə gəlmişəm ki, karyera qurmaq üçün lazım olan əsas şey güvəndir. İnsan özünə güvənməyi bacarmalıdır. Güvən özü ilə bərabər uğuru da gətirir”.
Daha sonra Qənirə Paşayeva çıxışında hər bir uğurun arxasında insan amili dayandığını deyib.
O həmçinin gənclərə xilası yalnız özlərində axtarmağı məsləhət bilib:
“Xilasını başqasından gözləyən insan artıq heç nəyə nail ola bilməyəcək”.
Çıxışının sonunda Qənirə Paşayevaya Giresun Universiteti rəhbərliyi tərəfindən xatirə plaketi təqdim edilib. O da öz növbəsində Azərbaycanın filosofu Seyid Yəhya Bakuvinin “Şəfa əl Əsrar” kitabını və özünün müəllifi olduğu kitabları Giresun Universitetinin kitabxanasına bağışlayıb.