Azərbaycandakı iqtisadi inkişafın kökündə siyasi sabitlik dayanır.
Ona görə, biz bu ictimai-siyasi sabitliyi göz bəbəyimiz kimi qoruyub saxlamalıyıq.
ERtv xəbər verir ki, bu fikirləri parlament komitələrinin birgə iclasında 2014-cü ilin büdcə zərfinə daxil olmuş qanun layihələrinin müzakirəsi zamanı birinci vitse-spiker Ziyafət Əsgərov dilə gətirib.
Onun sözlərinə görə, Azərbaycandakı iqtisadi inkişaf həm də ölkədə düzgün aparılan iqtisadi siyasətlə bağlıdır:
“Bu, əlbəttə, bizi çox sevindirir və hesab edirəm ki, iqtisadi cəhətdən bu cür irəliyə getməyimizin əsas səbəblərindən biri də populizmdən uzaq olmağımızdır. Azərbaycan hökuməti, Azərbaycan dövləti populizmdən uzaq bir siyasət yeridir. Bizim vətəndaşlarımız bundan da yüksək səviyyədə yaşamağa, ən yüksək həcmli əmək haqqı almağa layiqdirlər.
Kim istəməz ki, müəllimlərin, səhiyyə işçilərinin maaşı yüksək olmasın. Bunu birinci növbədə ölkə prezidenti də istəyir. Ancaq bu məsələ elmə əsaslanmalıdır. Azərbaycanın iqtisadi inkişafının da elmi, iqtisadi əsasları var”.
Birinci vitse-spiker çıxışında eyni zamanda, bəzi dövlətlərin, beynəlxalq təşkilatların ünvanına ittihamlar da səsləndirib:
“Dünyada, o cümlədən, bəzi dövlətlərdə belə bir təsəvvür var ki, hansısa dövlət qabağa gedirsə, o, mütləq cəzalandırılmalıdır. Axı nəyə görə cəzalandırılmalıdır?
Hətta bəzi beyin təşkilatların nümayəndələri ilə söhbətlər zamanı onlar açıq-aşkar şəkildə bildirirlər ki, Azərbaycan niyə bu qədər inkişaf edib? İnkişafın da bir həddi olmalıdır?
Bu, onu göstərir ki, bəzi dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın iqtisadi inkişafına, siyasi cəhətdən sabitliyinə qısqanclıqla yanaşırlar, bunu gözləri götürmür.
Ancaq tam məsuliyyətlə bildirirəm ki, heç bir qüvvə, heç bir dövlət bizi öz inkişafımızdan sapındıra bilməz.
Bu gün Azərbaycanda güclü dövlət, güclü hakimiyyət var və bunun da başında Azərbaycan xalqının növbəti dəfə etimadını qazanan ölkə Prezidenti İlham Əliyev cənabları dayanır”.