Türkiyənin Bolu şəhərində Beynəlxalq Koroğlu festivalı keçirilib.
ERtv-nin məlumatına görə, Bolu bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə baş nazirinin köməkçisi Bəkir Bozdağ, Azərbaycandan millət vəkilləri Qənirə Paşayeva və Aqil Abbas, müxtəlif türk topluluqlarından gəlmiş şəxslər də iştirak ediblər.
Festivala Türkiyənin Mehtər musiqi qrupunun çıxışı ilə start verilib. Türkiyə prezidenti Abdullah Gülün festival barədə məktubu oxunduqdan sonra Bolu bələdiyyəsinin sədri Ələddin Yılmaz bildirib ki, festivalda türk dünyasının ortaq qəhrəmanı olan Koroğlu birliyin, ortaq dəyərlərin nümunəsi kimi təqdim olunub. Festivalın keçirilməsində başlıca məqsəd isə türk dünyasının qəhrəmanı Koroğlunun dünyaya tanıdılmasıdır.
Almaniyadan olan millәt vәkillәri Arif Ünal vә Raymond Roys, Bolu valisi Mustafa Kamal Kәskin, Bolu millət vəkili Fәhmin Küpçü və başqaları çıxış edərək ortaq dəyərimiz olan Koroğlunun Bolu ilə bütünləşdiyini və bu işin davamında daha böyük uğurların olacağını deyiblər.
Festivalda çıxış edən millət vəkili Q.Paşayeva bu gözəl bayramın Cümhuriyyətin qurulması ilə eyni ərəfəyə təsadüf etməsinin sevindirici hal olduğunu söyləyib.
Türklüyün ən böyük dəyərinin birlik olduğunu deyən millət vəkili türk xalqları arasında birliyin güclənməsinin insanlığa hüzur gətirəcəyini bildirib.
Türk köklərinin birliyi məsələsinə toxunan Q.Paşayeva Koroğlunu bütün türk dünyasını birləşdirən böyük dəyər adlandırıb.
“Azərbaycanın və eləcə də türk dünyasının hər yerində Koroğlunun izinə rast gəlinir. Koroğlu əgər türk dünyasının hər yerində varsa bu, bizim birliyimizin göstəricisidir. Festivalın bu cür təşkil olunmasına görə mənsub olduğum millət adına təşəkkürümü bildirirəm”.
Q.Paşayeva tədbir iştirakçılarına Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib, münaqişə nəticəsində Azərbaycan xalqının yaşadığı faciələrdən danışıb.
“Mən türk dünyasında həmişə barışın olmasını, göz yaşının olmamasını arzu edirəm. Çünki 20% torpağı hələ də Ermənistanın işğal altında olan Azərbaycan ağrılı günlərin nə olduğunu Dağlıq Qarabağda da daxil olmaqla bütün işğal olunmuş torpaqlarında yaşayıb. Və inanırıq ki, koroğlular bu gün də var, sabah da olacaq.
Dağlıq Qarabağda yurd-yuvasından didərgin düşən 1 milyon qaçqın və məcburi köçkünümüzün, insanımızın yurd-yuvasına qayıtması üçün o koroğlular əl-ələ verəcək və torpaqlarımızı birlik və bərabərlik içərisində işğaldan azad edəcəyik. Və biz bu cür festivalları Dağlıq Qarabağda da keçirəcəyik”.
Açılış mərasiminin sonunda çıxış edən baş nazirin müavini Bəkir Bozdağ Koroğlunu ədalətin səsi adlandırıb.
Koroğlunun yardımsevərliyinin xalqın yardımsevərliyi xalqın dəyərləri kimi qiymətləndirən nazir müavini bu ənənənin davamı olaraq Türkiyənin də Dağlıq Qarabağ məsələsində Azərbaycana hər zaman olduğu kimi dəstək olacağını bildirib.
“Koroğlu” abidəsi qarşısındakı məşəli alovlandırdıqdan sonra dövlət rəsmiləri və festival iştirakçıları orkestrin müşayiəti ilə Atatürk abidəsinə doğru yürüş ediblər.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan kimi türk dünyasının müxtəlif ölkə və topluluqlarından Boluya dəvət olunmuş milli folklor qruplarının rəngarəng rəqsləri, mahnıları ilə festival davam edib.
Bolu mərkəzi meydanında milli sərgilər nümayiş olunmaqla yanaşı Koroğlu filmlәrindәn parçalar göstərilib, türk dövlətlərinin rəqsləri nümayiş etdirilib.
Festivala “Koroğlu” filminin Rövşəni - Cüneyt Arkın, Nigarı - Fatma Girik də qatılıb. Onlar mərkəzi meydanda xalqı salamlayaraq Nəcib Fazil Mədəniyyət Mərkəzindəki film nümayişinə qatılıblar.