Bizim siyasətimiz, ciddi sosial siyasətimiz sürətli iqtisadi inkişafa, eyni zamanda insanların rifah halına müsbət təsir göstərib.
ERtv xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev 3-cü Bakı Beynəlxalq Humanitar Forumunun açılışında deyib.
O, bildirib ki, köklü iqtisadi islahatlar aparılarkən bir çox hallarda insanların yaşayış səviyyəsi aşağı düşür.
“Sovet İttifaqında mövcud olan iqtisadi sistem səmərəli fəaliyyət göstərə bilməzdi. Ona görə də iqtisadi sahədə köklü islahatlar aparılmalı idi.
Çünki bunsuz bizim inkişafımız mümkün olmazdı. Və əlbəttə bu islahatların aparılması bir çox hallarda insanların yaşayış səviyyəsinə mənfi təsir göstərə bilərdi.
Ancaq bizim siyasətimiz və ciddi sosial siyasətimiz ona gətirib çıxardı ki, sürətli iqtisadi inkişaf eyni zamanda insanların rifah halına da müsbət təsir göstərdi”.
Prezident bununla bağlı bir sıra statistik rəqəmləri forum iştirakçılarının diqqətinə çatdırıb.
“Qeyd etdiyim kimi iqtisadiyyat 10 ildə 3,4 dəfə, büdcə gəlirləri 20 dəfə, maaşlar təxminən 6 dəfə, pensiyalar 9 dəfə artıb. Son il bundan əvvəl yoxsulluğun səviyyəsi Azərbaycanda 49 % idi.
Bu gün aparılmış islahatlar nəticəsində cəmi 5,5 %-dir. Aparılan islahatlar nəticəsində 10 ildə Azərbaycanda 1 milyon 200 min iş yeri açılıb və işsizlik hal-hazırda 4,8%-dir. Bütün bu məsələlər əlbəttə ki, iqtisadi islahatların nəticəsidir”.
Onun sözlərinə görə, çünki Azərbaycan siyasətinin təməlində və mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, təhlükəsizliyi və rifahı dayanır.
“Ciddi və çox məqsədyönlü sosial-siyasət bizə imkan verdi ki, ölkə inkişaf etsin və insanların rifah halı yaxşılaşsın”.
O, bildirib ki, iqtisadi inkişafın sosial və humanitar aspektləri hər bir ölkənin inkişafı üçün çox önəmli məsələdir və bu məslə ilə bağlı nəinki müzakirələr, tövsiyyələr də verilməlidir.
“Çünki bəzi hallarda sosial məsələlərin həlli üçün ayrılan vəsait gələcəkdə ölkələrin iqtisadi problemlərinin yaranmasına gətirib çıxarır.
Biz bunu dünyada davam edən iqtisadi və maliyyə böhranının təzahürlərində görürük. Bir çox hallarda siyasətçilərin qeyri-real populist seçkiqabağı vədləri gələcəkdə iqtisadi problemlərə gətirib çıxardır.
Keçən forumda mən bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim. Siyasətçilərin məsuliyyəti haqqında danışmışdım. Hesab edirəm ki, bu mövzu hələ diqqət mərkəzində qalacaq”.
O, bildirib ki, çünki populist vədlər və ondan sonra onların icrası bir çox hallarda əsassız borclanmaya gətirib çıxarır və bəzi ölkələrin dövlət borcu bugün ÜDM-in 100 %-ni, ondan da çoxunu təşkil edir.
“Borc götürən ölkələr borcun qaytarılmasını sosial proqramların ixtisarı hesabına bunu etməyə çalışırlar. Ona görə iqtisadi inkişafın və eyni zamanda iqtisadi tənəzzülün sosial-humanitar aspektəri çox ciddi təhlilə məruz qalmalıdır.
Bizim təcrübəmiz ondan ibarətdir ki, biz iqtisadi islahatların aparılmasında ancaq öz daxili imkanlarımıza güvənirik.
Ona görə bizim xarici borcumuz ÜDM-in cəmi 7-8 %-ni təşkil edir və biz istənilən vaxtda bu borcu qaytara bilərik. Çünki Azərbaycanın valyuta ehtiyaları ÜDM-in 70 %-ni təşkil edir və bu göstəriciyə görə də biz dünyada ön sıralardayıq”.
Prezident bildirib ki, daxili resurslara arxalanmaq ən düzgün siyasətdir.
“Biz çox ciddi sosial siyasət aparmışıq, aparırıq və aparacağıq. Ancaq bunun mənbəyi Azərbaycan iqtisadiyyatıdır. Və iqtisadi inkişaf sosial məslələrin həllinə də gətirib çıxarmalıdır.
Və burada əlbəttə ki, uzlaşma aparılmalıdır. Çünki hər bir ölkənin inkişafı insanların həyat tərzində, özünü göstərməlidir. yaşayış səviyyəsi qalxdıqca, yeni imkanlar yarandıqca əlbəttə ki, ölkə iqtisadiyyatı da dfaha sürətlə inkişaf edəcək”.
O, bildirib ki, eyni zamanda iqtisadi sahədə əsas hədəf qeyri-neft iqtisadiyyatını artırmaq idi və bu gün artıq buna nail olunub.
“Bizim ÜDM-də qeyri-neft sektoru üstünlük təşkil edir və rəqabət qabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı dünyada 39-cu yerdədir. Razılaşın ki, cəmi 20 il bazar iqtisadiyyatı prinsipi əsasında yaşayan ölkə üçün bu nailiyyət hesab edirəm ki, tarixi nailiyyətdir”.