Şəki şəhər rəhbərliyi məşhur yazıçı və səyyah Aleksandr Dümanın bu qədim diyarda qaldığı evi təmir edərək ictimaiyyətin istifadəsinə verəcək.
Bu barədə ERtv-nin bölgə müxbirinə Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilir ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bu barədəki qərarını Fransanın ölkəmizdəki səfiri Paskal Mönye ilə görüşündə açıqlayıb.
İcra başçısı qeyd edib ki, dünyaca məşhur yazıçı və səyyah Aleksandr Düma bir neçə dəfə Şəkidə olub və əsərlərində bu qədim diyara heyran olduğunu, buranın insanlarının qonaqpərvərliyini xüsusi vurğulayıb.
Hazırda Fransanın Kalmar şəhəri ilə Şəki arasında dostluq əlaqələri yaradılır və yaxın gələcəkdə bu şəhərlərin qardaşlaşması gözlənilir.
Öz növbəsində fransalı turistlərin də Şəkiyə axınının çoxalmasını nəzərə alaraq şəhər rəhbərliyi məşhur yazıçının qaldığı evi “Yuxarıbaş” Dövlət Təbiət Qoruğunun ərazisinə daxil etməyi və təmir-bərpadan sonra xarici turistlərin ixtiyarına verməyi planlaşdırır.