Qafqaz universitetinin təşəbbüsü ilə keçirilən “AİCT-2013” VII Beynəlxalq konfransın son günü Qafqaz Universitetində davam edib.
ERtv xəbər verir ki, 26 ölkənin İT üzrə alimlərinin iştirakı ilə keçirilən konfransda alimlərin məruzələri dinlənilir, ayrı-ayrı sahələr üzrə bölmə görüşləri keçirilir.
Amerikalı professor Steven Skiena öz çıxışında bildirib ki, Azərbaycan xalqı çox yaxşı xalqdır. O, alqoritm sahəsində yazdığı kitab haqda da məlumat verərək deyib ki, bu kitabı yazanda çox həyəcan keçirib. Çünki gələcək nəsil bu kitabdan istifadə edəcək.
Türkiyədən konfransa qatılan Əşrəf Adalı bildirib ki, XXI əsrdə informasiya texnologiyasının xüsusi əhəmiyyəti var.
“Bakıda keçirilən konfransın Azərbaycan elminin və sənayesinin inkişafında xüsusi yeri olacaq. Çünki bütün sahələrin bünövrəsini kompüter mühəndisliyi təşkil edir. Türkiyədən 50 nəfər kompüter mühəndisliyi kafedra müdirləri Qafqaz universitetindədir. Onlar həm beynəlxalq konfransda iştirak edirlər və eyni zamanda iclaslarını burada keçirirlər. Biz azərbaycanlı alimlərlə bir araya gəlib elmi müzakirələr aparırıq. Önəmli qərarlar alırıq. Birlikdə lüğət hazırlamaq, müəllim-tələbə mübadiləsi kimi önəmli qərarlar alırıq”.
Rusiyadan konfransda iştirak edən alimlər kiber təhlükəsizliyi haqda mühazirələrlə çıxış ediblər.
Konfransın son gününü dəyərləndirən konfransın təşkilatçısı Qafqaz Universitetinin dosenti Abzetdin Adamov bildirib ki, dünyanın İT sahəsində öndə gedən alimləri bu toplantıya qatılıblar. O qeyd edib ki, dövlət strukturlarının bu konfransda iştirakı konfransın önəmindən xəbər verir. Qafqaz Universitetinin dosenti bildirib ki, konfransın 10-cu yubiley tədbirinin də 2016-cı ildə Bakıda keçirilməsi planlaşdırılır.