Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində “eTwinning Plus” layihəsinin Azərbaycanda icrası ilə bağlı tədbir keçirilib.
ERtv-nin xəbərinə görə, tədbirdə Təhsil Nazirliyinin və “Mədəd Azərbaycan” təşkilatının nümayəndələri, layihəyə qoşulan məktəblərin direktorları və media nümayəndələri iştirak ediblər.
Tədbirdə layihə haqqında ətraflı məlumat verilib, layihənin müəllimlər və şagirdlər üçün əhəmiyyətindən bəhs olunub. “eTwinning Plus” layihəsi çərçivəsində görülən və planlaşdırılan işlər, layihənin əsas xüsusiyyətlərindən bəhs edən təqdimat iştirakçıların nəzərinə çatdırılıb. Layihəyə qoşulan bir neçə müəllim layihə çərçivəsində Avropada iştirak etdikləri tədbirlər haqqında ilkin təəssüratlarını bölüşüblər. Sonra layihəyə qoşulan 20 məktəbin direktorları və müəllimləri sertifikatlarla təltif olunublar.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin direktoru Samir Məmmədov layihə haqqında məlumat verərkən bildirib ki, bu layihə müəllim və şagirdlərin ölkələrarası layihələrdə iştirakı, onlarda yaradıcı yanaşmanın formalaşması, əməkdaşlıq və xarici dillərdə ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının real tətbiqi, həmçinin mədəniyyətlərarası bilik və təcrübənin bölüşməsi üçün gözəl vasitədir:
“Azərbaycanda bu layihədə iştirak etmək üçün əvvəlcə “Elektron Məktəb” layihəsində iştirak edən 43 təhsil müəssisəsinə müraciət olub. Onlar üçün idarəmizdə 2 məlumatlandırma sessiyası keçirilib. Bu sessiyalarda məktəb direktorları, xarici dil müəllimləri, İKT üzrə məsul olan şəxslər üçün “eTwinning Plus” proqramı və bu proqramda iştirak qaydaları haqqında ətraflı məlumat verilib. Bu layihə müəllimlər və şagirdlər üçün böyük imkanlar açır. Bu layihədə iştirak etməklə onlar Avropadakı həmkarları ilə ünsiyyət qura və onlarla birgə layihələr həyata keçirə bilərlər.
Layihədə iştirak edəcək müəllimlər üçün online dəstək sisteminin qurulması nəzərdə tutulub. Bundan başqa elektron məktəblərin qiymətləndirilməsi sistemi yaradılacaq.
Layihədə iştirak etmək üçün müraciət edən müəllimlər müsahibəyə dəvət olunub. İKT, dil və digər bacarıqlara malik olan müəllimlər müsahibədən uğurla keçib və təmsil etdikləri təhsil müəssisəsi ilə birgə bu layihədə iştirak etmək hüququ qazanıb. Bu gün artıq bu layihədə “Elektron Məktəb” layihəsində iştirak edən 20 təhsil müəssisəsi qoşulub”.
Layihənin Azərbaycandakı koordinatoru “Mədəd Azərbaycan” təşkilatının sədri Vüsal Xanlarov deyib ki, layihədə iştirak üçün Azərbaycanda 20 məktəbdən 40 müəllim seçilib.
“Ümumilikdə isə dünyada 110103 məktəb bu layihəyə qoşulub. Nəticələri yüksək olan məktəblər keyfiyyət nişanı ilə təltif edilirlər”.
Layihənin koordinatoru Xuraman Məmmədova layihənin üstünlüklərindən danışıb, məktəb direktorlarını və şagirdləri bu layihədə aktiv iştirak etməyə çağırıb.
Qeyd edək ki, Azərbaycan 2013-cü ildən etibarən digər 5 ölkə ilə birlikdə Avropa İttifaqının Qonşuluq siyasəti əsasında həyata keçirilən “eTwinning Plus” layihəsinə qoşulub. Aİ-nin Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olan “eTwinning” layihəsinin genişlənməsi nəticəsində meydana gələn “eTwinning Plus” layihəsi pedaqoji işçilərə onlayn ünsiyyət, əməkdaşlıq, təhsil layihələri yaratmaq və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir.