Qərb bölgəsində fermerlərin mineral gübrələrə olan tələbatını ödəmək üçün Rusiyadan 2 min ton gübrə alınıb.
Bu barədə məlumatı ERtv-yə “Aqrolizinq” ASC-nin Şəmkir Regional Laqostik Gübrə bazasının müdiri Seymur Heydərov verib.
Onun sözlərinə görə, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan təsərrüfat sahiblərinin payızda şum altına vermələri üçün bazaya 200 ton amofos (azot və fosfor gübrələrinin qarışığı) və 1800 ton azot gübrəsi gətirilib.
“Əvvəlki illərlə müqayisədə son iki ildə fermerlərin mineral gübrələrə maraqları artıb. Artıq onlar başa düşür ki, gübrəsiz yüksək məhsul əldə edə bilməzlər. Əsasən dənli taxıl bitkiləri əkən təsərrüfat sahibləri gübrə almaqda maraqlı olurlar” - deyə S.Heydərov bildirdi.
Müsahibin sözlərinə görə, mineral gübrələr “Aqrolizinq” ASC tərəfindən respublikaya gətirilərək fermerlərə 50 faiz güzəştlə satılır. Baza müdiri qeyd edib ki, azot gübrəsinin 50 kiloluq bir kisəsinin qiyməti 9 manat 60 qəpik, amofos gübrəsinin bir kisəsinin qiyməti isə 50 manatadır.