Beynəlxalq Muğam Mərkəzində “YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə amerikalı video-art rəssamı Cordan Beyzmenin filmləri nümayiş etdirilmişdir.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, filmlərin nümayişindən əvvəl video-art rəssamı Cordan Beyzmen özünün yaradıcılığı haqqında məlumat vermişdir.
Tədbirdə amerikalı video rəssamı Cordan Beyzmenin əvvəllər və son vaxtlarda işləyib ərsəyə gətirdiyi animasiya filmləri nümayiş etdirilmişdir.
Filmlərin nümayişi müddətində müəllif yeri gəldikcə tamaşaçılarla müsahibə əsaslı sənədli yaradıcılıq üslubundan, eləcə də mükafat qazanmış filmlərindən, onların ərsəyə gəlməsi şəraitindən söhbət açmışdır.
Cordan Beyzmenin yaratdığı filmlər indiyədək bir çox film festivallarında, o cümlədən Los-Anceles animasiya film festivalında (“Təhlükəli eksperimentlər” kateqoriyasında “Ən yaxşı film” mükafatı), San-Fransisko qısametrajlı filmlər festivalında, Melburn Andeqraund film festivalında (“Ən yaxşı beynəlxalq film” mükafatı), Qştad film festivalında, Oaksaka beynəlxalq film festivalında, “Lone star” beynəlxalq film festivalında (“Ən yaxşı qısametrajlı film” mükafatı), Farqo beynəlxalq film festivalında (“Ən yaxşı eksperimental film” kateqoriyasının qalibi), Kanzas şəhər beynəlxalq film festivalında (“Ən yaxşı eksperimental qısametrajlı film” kateqoriyasının qalibi) və London qısametrajlı filmlər festivalında böyük uğurla təqdim edilmişdir.
Cordan Beyzmenin əsərləri 53-cü Venesiya Biennalesində və Tatun Park Biennalesində göstərilmiş və bir çox sərgilərdə nümayiş olunmuşdur. Onun ən son yaradıcılıq işi olan “Ölümsüzlük” (“Deadness”) filmi Londonun “Matt´s Gallery” salonunda nümayiş etdirilmişdir.
Artıq iki gündür paytaxtımızda davam edən filmlərin nümayişi tamaşaçılar, eləcə də müasir incəsənətin pərəstişkarları tərəfindən böyük maraqla qarşılanmışdır.