Azərbaycanda dövlət qoruğunda güclü yanğın olub
19 oktyabr, 2013 21:50
Bu gün saat 16:10 radələrində Neftçala rayonunun pay torpaqlarında biçilmiş taxıl sahələrinə od vurulması səbəbindən yanğın hadisəsi baş verib.
ERtv APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın verdiyi məlumata görə, güclü külək nəticəsində yanğın sürətlə genişlənərək nazirliyin Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinə keçib. Yanğın 100 hektara yaxın ərazini əhatə edib.
Yanğın nəticəsində qoruğun qamış və quru ot örtüyü yanıb.
Artıq yanğın tamamilə söndürülüb.
ETSN əhalini, əsasən də torpaq mülkiyyətçilərini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.