Gələn ilin dövlət büdcəsində neftin qiymətinin builkinə nisbətən aşağı səviyyədə götürüləcəyi gözlənilsə də yenə, 100 dollar müəyyən edilib.
Bu il isə neftin dünya bazarlarında qiyməti bütövlükdə heç də istənilən səviyyədə olmadı.
AZERİ LT-ın qiyməti birinci yarımil ərzində azalmağa doğru inkişaf etdi ki, buna görə hətta bir ara hökumət nümayəndələri dövlət büdcəsində 1 barelin qiymətinin 100 ABŞ dolları götürüldüyünə istinad edərək, narahat olmaq lazım gəlmədiyini də vurğuladılar.
2013-cü ilin büdcəsində 1 barelin qiyməti keçənilki kimi 100 dollar götürülərkən isə qiymətlərin yüksək olacağı güman edilirdi.
Düzdür, dünya bazarlarında qiymətlər 100 dollardan aşağı düşməyib.
Ancaq 2012-ci ilin dövlət büdcəsində qiymət əvvəl 80 dollar götürüldüyündən xeyli gəlir əldə edilmişdi.
Həmin ilin ortasında büdcəyə yenidən baxılarkən sözügedən rəqəm 100-ə qaldırıldı.
Buna qədər isə, 2012-ci ilin birinci yarısında kifayət qədər gəlir əldə olunmuşdu.
Odur ki, 2013-cü ildə neftin qiymətinin 100 dollar götürülməsi əslində, düzgün deyildi və risk sayılırdı.
Çünki bu il dünya bazarlarında qiymətlərin qənaətbəxş olmayacağı əvvəlcədən bəlli idi. Keçən il büdcəyə yenidən baxılan zaman 80 dolların 100-ə qaldırılmasından sonra ilin ikinci yarısında dünya bazarlarında vəziyyətin dəyişməsi də bunu anons etmişdi.
Bu baxımdan, cari il üçün qiymətin 70-80 dollar götürülməsi əslində, daha məqsədəuyğun idi.
Yaxşı ki, bəzi siyasi hadisələr qiymətləri 100 dollardan aşağı düşməyə qoymadı.
Bəs, 2014-cü ilin dövlət büdcəsində neftin 1 barelinin qiymətin 100 ABŞ dolları səviyyəsində götürülməsi nə dərəcədə düzgündür?
Düzdür, neftin dövlət büdcəsində müəyyən edilən qiyməti son llər ərzində əslində, ciddi məna kəsb etmir. O baxımdan ki, onun büdcəyə verdiyi səmərə ilə zərəri hec cür hesablamaq olmur.
Bunun səbəbini isə Dövlət Neft Fondundan (DNF) transfert təşkil edir.
Əvvəl, neftin qiyməti məsələn, 80 dollar səviyyəsində götürülərkən məhz hansı proqramları maliyyələşdirmək mümkün olduğu dəqiq bilinirdi və üstəlik, dünya bazarlarında qiymət 1 dollar yüksələrkən, hər dollara görə ölkənin əsas maliyyə sənədinə əlavə nə qədər vəsait daxıl olduğu da bəlli idi.
Son illər isə ilin ortasında büdcəyə yenidən baxıldığından bunları hesablamaq çətinləşib. Odur ki, neftin dövlət büdcəsində müəyyən edilən qiyməti əslində, proqnozdan başqa bir şey deyil və bundan “qorxmaq” lazım gəlmir.
Ən pis halda bəzi investisiya layihələrinin maliyyələşdirilməsi dayandırıla bilər.
Yeri gəlmişkən, cari ildə dövlət büdcəmizə DNF-dan transfert 11 milyard 350 milyon manat (gəlirlərin 59,2 %) təşkil edirdisə, növbəti ildə isə bu rəqəm 9,337 milyard manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 2,013 milyard manat və ya 17,7 % azdır.
Ancaq bir cəhət var ki, DNF da növbəti il üçün büdcəsində neftin qiymətini 100 dollar götürüb.
Cari ildə də Fondun büdcəsi bu qiymətlə tərtib olunmuşdu.
Halbuki Dünya Bankının (DB) hesabatında göstərilir ki, cari ilin fevralında neftin 1 barelinin orta qiyməti 108 dollar təşkil edirdisə ikinci rübdə 100-də sabitlləşdi. Və əgər, Yaxın Şərqdə xüsusən də, Misir ilə Suriyada məlum hadisələr baş verməsəydi bu rəqəm bəlkə, daha az təşkil edərdi.
Ancaq həmin hadisələrlə əlaqədar neftin orta qiyməti artaraq nəinki 105 dolları keçdi, sentyabrın əvvəlinə 108 dollara qədər qalxdı.
DB-nın qlobal makroiqtisadi göstəricilərlə bağlı proqnozuna əsasən də, 2013-cü ilin yekununa dünya bazarlarında neftin orta qiyməti 1 barel üçün 105, gələn il isə 104 dollar təçkil edəcək.
Bankın hesablamalarına əsasən, 2014-cü ildə neftin gündəlik tələbatı 1,1 milyon barel, 2013-cü ildə isə 0,9 milyon təşkil edəcək.
Ancaq siyasi amilləri nəzərə almasaq iqtisadi amillər dünya bazarlarında neft də daxil olmaqla, bir sıra xammal məhsullarına təlabatın azaldığını diqtə edir.
ABŞ-ın aparıcı investitsiya banklarından olan Goldman Sachs da ilin əvvəlində belə bəyanatla çıxış etmişdi.
Adıçəkilən bank da həmçinin, 2013-cü ildə neftinin orta qiymətinin 1 barel üçün 105 dollar olacagını qeyd etmişdi. Bankın həmin proqnozunda deyilirdi ki, növbəti bir neçə ay ərzində Brend neftinin qiyməti 100 dollar civarında olacaq ki, buna da Çin kimi ölkələrin iqtisadiyyatlarında artım templərinin zəifləməsi səbəb yaradacaq.
Odur ki, qiymətin 100 dollardan aşağı düşəcəyi istisna deyil.
Ümumiyyətlə, neftin dünya bazarlarında qiyməti hər zaman nisbidir.
Ölkəmizdə genişmiqyaslı investisiya siyasəti üçün isə onun qiymətinin azı 100 dollar olması tələb edilir.
Buna isə, heç vaxt ümid etmək olmaz.