Bacarıqlı və maraqlı insanlara tez-tez rast gəlirik. Elə Lənkəran sakini Rəhimov Həbibulla kimi.
ERtv-nin bölgə müxbiri xəbər verir ki, Lənkəranın Nərimanabad kənd sakini Həbibulla kişi sement və əhəngdən müxtəlif fiqurlar, cizgilər çəkməklə məşğuldur.
1989-cu ildən bu işi görən sənətkarın yaratdığı işlərin içərisində dövlət atributlarını əks etdirən təsvirlər, tökmələr xüsusi yer tutur. Gördüyü işə o qədər həvəs və maraqla yanaşır ki, həyətindəki tikililərin divarlarında və hasarda demək olar ki, boş yer qalmayıb.
İllərdir yaratdığı fiqurların möhkəmliyinə, təsvirlərin solmamasına gəlincə usta bunun sirrini də açıqladı. Bildirdi ki, sementdən hazırlanan kütlənin qatılığını düzgün müəyyən etmək, fiqurlar, təsvirlər hazırlandıqdan sonra isə rəngləməyə hazırlamaq üçün quruma həddini isə çox da ötürməmək lazımdır.
Diqqətimizi çəkən məqamlardan biri də bu oldu ki, o təkcə öz həyətində deyil hətta kənddəki digər həyətlərin hasarlarında da sement və əhəngdən müxtəlif fiqurlar çəkib tarix yazıb. Hər çəkdiyi fiqura isə özünəməxsus anlam verir.