Norveçin Drammen şəhərində Norveç və Azərbaycanın futbol üzrə U-21 yığmaları arasında “Avropa çempionatı 2015”in seçmə oyunu keçirilib.
ERtv xəbər verir ki, komandalar fasilədən sonra dörd dəfə fərqləniblər və qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.
Oyunda hesabı Norveç yığması açıb, lakin matçda dubl edən Toğrul Erat və Ağabala Ramazanovun səyləri nəticəsində komandamız qələbə qazanıb.
Həmçinin qeyd edək ki, oyunun 28-ci dəqiqəsində Azərbaycan yığmasının qapıçısı Popoviç Bakenqanın yerinə yetirdiyi on bir metrlik cərimə zərbəsini dəf edib.
Bu, komandamızın hazırkı seçmə mərhələdə üçüncü oyunu idi. Bundan əvvəl keçirilən iki matçda yığmamız Makedoniya ilə heç-heçə (0:0) etsə də, İsrail yığması ilə oyunda ağır məğlubiyyətə uğrayıb (2:7).
Norveçdə qələbə qazanan gənclərimiz, həmçinin bu gün Bakıda Şimali İrlandiya ilə qarşılaşacaq milli komandamıza yaxşı nümunə ola bilərlər.
8-ci qrupun digər oyununda Portuqaliya öz meydanında İsraili 3:0 hesabı ilə darmadağın edib.
Norveç - Azərbaycan - 1:3.
Qollar: Hussayn, 54 (1:0). Erat, 56 (1:1). Ramazanov, 69 (1:2). Erat, 90+5 (1:3).
Dəf edilən penal: Bakenqa, 28 (Norveç).
Turnir cədvəli:
1. Portuqaliya - 6 xal
2. Azərbaycan - 4
3. İsrail - 3
4. Norveç - 3
5. Makedoniya - 1