Oktyabrın 10-da kənd təsərrüfatı naziri İsmət Abasov Fransa Senatının üzvü, Senatın Azərbaycanda prezident seçkilərini müşahidə missiyasının rəhbəri Natali Qule və Fransanın ölkəmizdəki səfiri Paskal Mönye ilə görüşmüşdür.
ERtv nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir İsmət Abasov 2013-cü ilin Azərbaycan və Fransa arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq baxımından dönüş ili olduğunu bildirmiş, əməkdaşlığın konkret istiqamətlərdə davam etdirildiyini diqqətə çatdırmışdır.
Nazir bu il Parisdə keçirilmiş 50-ci beynəlxalq kənd təsərrüfatı sərgisində iştirakı zamanı Fransanın kənd təsərrüfatı, qida və meşəçilik naziri Stefan le Foll ilə görüşdüyünü bildirmişdir. Qeyd olunmuşdur ki, həmin görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində bir çox əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir. Bununla yanaşı, İ.Abasov Fransaya səfəri çərçivəsində keçirdiyi görüşlərin kənd təsərrüfatı sahəsində konkret əməkdaşlıq əlaqələri üçün əlverişli zəmin yaratdığını bildirmişdir.
Nazir ölkə əhalisinin 48 faizinin kənd yerlərində yaşadığını və Azərbaycanın işğal altında olan 20 faiz ərazisinin həm heyvandarlıq, həm də əkin sahəsi baxımından çox vacib ərazi olduğunu, habelə bu işğalın milli, regional və qlobal səviyyələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün ciddi təhdidlər yaratdığını vurğulamışdır.
Natali Qule fəaliyyəti dövründə ikitərəfli əməkdaşlıq əlaqələrinin, o cümlədən kənd təsərrüfatı sahəsində daha da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini bildirmişdir. Natali Qule Azərbaycanda olduğu müddətdə məcburi köçkünlərin həyat şəraiti ilə tanış olduğunu və onların tezliklə doğma torpaqlarına qayıdacağına inandığını vurğulamış və Fransa ictimaiyyətinə onların vəziyyəti barədə məlumat verəcəyini bildirmişdir.
Fransa Senatının üzvü Azərbaycanda keçirilən seçkilərlə bağlı fikirlərinin müsbət olduğunu, o cümlədən seçkilərdə iştirakçılıq səviyyəsinin təqdirəlayiq olduğunu bildirmişdir.