Azərbaycan filmi “Çölçü” dünyanın əsas kino mükafatının long-siyahısına salınıb.
ERtv-nin “Oskar” mükafatının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Şamil Əliyevin “Çölçü” filmi “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə dünyanın əsas kino mükafatının long-siyahısına salınıb.
Bu nominasiya üzrə “Oskar” mükafatı uğrunda 76 ölkədən olan film mübarizə aparacaq. 24 kateqoriyada əsas nominantlar 2014-cü ilin yanvar-fevral aylarında elan ediləcək. Mükafatın təqdim olunma mərasimi isə 2014-cü ilin martın 2-də Los-Ancelesdə baş tutacaq.
“Çölçü” filmi “Azərbaycanfilm”in məhsuludur. Ssenarist Vidadi Həsənovdur. Filmdə aktyorlar Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Salome Demuria, Cavidan Məmmədli, Vüsal Mehrəliyev, Şamil Süleymanov və başqaları rol alıblar.
“Gənc çölçü şəhərlərdən uzaq, təbiətin qoynunda yaşayır. Atası ona çöl həyatının bütün hikmətlərini öyrədir. Atasının ölümündən az sonra o böyük şəhərdən gəlmiş qızla tanış olur. Qızla tanışlıq onun həyatında yeni səhifə olur, indiyə qədər ona tanış olmayan böyük həyata addım olur”, - filmin annotasiyasında deyilir.