Nyu-Yorkun məşhur meydanında Azərbaycanın reklamı vurulub.
ERtv xəbər vermişdi ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü, BMT-nin Sivilizasiyaların Alyansı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan - tolerantlıq məkanı” adlı fotosərgi bir həftə ərzində dünyanın ən nüfuzlu beynəlxalq təşkilatında sərgilənib.
Fotosərgidə Heydər Əliyev Fondunun “Azərbaycan – tolerantlıq ünvanı” layihəsi çərçivəsində Azərbaycana dəfələrlə yaradıcı səfərlər etmiş dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənir.
Sərgi çərçivəsində Nyu-Yorkun məşhur “Times Square” meydanında işıqlandırılan reklam panellərindən birinin üzərində “BMT-nin Sivilizasiyalar Alyansı və Heydər Əliyev Fondu: “Azərbaycan - tolerantlıq məkanı” Rza Deqatinin təqdimatında” yazısı əks etdirilib.
DQİDK-dən verilən məlumata görə, “Times Square”-də çəkilmiş şəkildən göründüyü kimi reklamda sərginin emblem fotosu da öz əksini tapıb.
Qeyd edək ki, “Times Square” meydanı Nyu-York şəhərinin hər gün yüz minlərlə turistin ziyarət etdiyi ən məşhur yerlərindən biridir.
Xatırladaq ki, bu müstəqillik tarixində ölkəmizin tolerantlıq ənənələrini BMT-də tərənnüm edən ilk sərgidir.