ERtv Milli Konservatoriyanın rektoru Siyavuş Kəriminin “New Baku Post” qəzetinə müsahibəsini təqdim edir:
– Bir mədəniyyət xadimi və ziyalının baxış bucağından Azərbaycan mədəniyyətinin və incəsənətinin bugünkü inkişaf istiqamətləri necə görünür?
– Son 10 il ərzində Azərbaycanda mədəniyyət sahəsində böyük işlər görülüb. Mədəniyyətimiz çox zəngindir, müxtəlif sahələri var və hər biri də öz fərdiliyi ilə seçilir: istər musiqi olsun, istər rəngkarlıq, xalçaçılıq və s. hamısı müsbət mənada dəyişikliyə uğrayıb.
Azərbaycan mədəniyyətinin bütün sahələri dünyaya inamla addımlamağa başlayıb. Bu gün Avropa, Asiya, Amerikada Azərbaycan mədəniyyətini yaxşı tanıyır, sənətçilərimizə ayaq üstə əl çalır və deyirlər ki, “siz çox xoşbəxt xalqsınız ki, bu qədər zəngin və gözəl mədəniyyətiniz, ecazkar sənətçiləriniz var”. Niyə də olmasın?! Görün, dövlət mədəniyyət işçilərinə nə qədər böyük diqqət, qayğı göstərir.
Uğurlar eləbelə qazanılmır. İncəsənət xadimləri yaxşı başa düşür ki, onların əməyinə yüksək qiymət verilir və bu da sənət adamlarını ruhlandırır. Tez-tez Azərbaycandan kənarda oluram və bizim ölkəyə olan isti münasibəti görürəm. Biz mədəniyyət deyəndə musiqi, rəssamlıq, heykəltəraşlıq, teatr, kinonu nəzərdə tuturuq. Amma təkcə bunlar mədəniyyət deyil. İnsanın öz daxili və davranış mədəniyyəti, yaşam mədəniyyəti, önəm verdiyi dəyərlər var. Şəhərimiz təmiz, gözəl və abaddır. Bu mədəniyyət deyil? Xarici ölkədən bizə qonaq gələndə aparıb şəhəri göstəririk.
Onların şəhərimizə valeh olmağından özümüz də həzz alırıq. Bunlar hamısı son 10 ilin göstəriciləridir. Ziyalı kimi sevinirəm ki, mədəniyyətimizin dünyaya tanıtımı, inteqrasiyası uğurla gedir. Mədəniyyətimiz tanındıqca dünyanın bizə münasibəti dəyişir. Bizə unudulmuş xalq kimi yox, sivil və ənənələri olan bir dövlət kimi baxırlar. Görürlər ki, Opera və Balet Teatrımız, Simfonik Orkestrimiz, cazımız, folklorumuz, rəqsimiz var. Bu gün Azərbaycanda dünyada mövcud olan musiqinin bütün istiqamətləri mövcuddur. Bəyəm, bu mədəniyyətin inkişafı deyil?
– 10 il ərzində musiqi sahəsində baş verən önəmli nailiyyətlərimiz haqqında nə deyə bilərsiniz?
– Musiqi mədəniyyətimizin tacıdır. Yaxın keçmişdə Azərbaycan musiqisi ancaq musiqiçilərin maraq dairəsinə daxil olan bir sahə kimi qalmışdı. Amma bu gün milli musiqiyə maraq və ehtiram çox yüksəkdir. Son dövrlərdə muğam məktəbləri, Qarabağ xanəndələrinin ensiklopediyası, muğam antologiyası yarandı, qadın xanəndələrin diskləri buraxıldı. Bu istiqamətlərdə səmərəli işlər görüldü.
Muğam bu gün Azərbaycanda çox populyardır. Uşaqdan tutmuş qocayadək hamı oxuyur. Aşıq musiqisi geniş təbliğ olunur. Dövlət tərəfindən aşıq musiqisi antologiyası, ensiklopediyasının ərsəyə gəlməsi istiqamətində artıq işlər gedir. Mən də həmin qrupun tərkibindəyəm və buna çox sevinirəm. Azərbaycan Milli Konservatoriyasının binası bu ilin sonunadək təhvil veriləcək. Bu da artıq bir tarixi hadisədir. Azərbaycan bəstəkarlarının musiqiləri Avropa və Amerikanın möhtəşəm konsert salonlarında ifa edilir.
Uşaq Simfonik Orkestri, Dövlət Simfonik Orkestri, rəqs kollektivləri, istedadlı gənclər dünyanın hər yerində konsertlər verir, Azərbaycan mədəniyyətini layiqincə təbliğ edir. Bu 10 ildə yalnız müsbətə doğru dəyişikliklər olub. Çalışıb mənfi bir şey axtarsam da, tapa bilməyəcəm. Teatr binaları, muzeylər təmir edilib, yeni texniki avadanlıqlar alınıb. Bu bəyəm, azdır? Neft gəlirləri sərmayə kimi ölkəyə, mədəniyyətə qoyulur, infrastruktur inkişaf edir. Bu insan kapitalıdır, biz özümüz yetişirik. Bu Azərbaycanın gələcəyi üçün yaxşı təməl daşıdır. Buna çox sevinirəm. Ümid edirəm ki, uşaqlarımızın gələcəyi bundan da yaxşı olacaq. Biz həm də çalışmalıyıq ki, uşaqlar adət-ənənələrimizi unutmasınlar.
– Son illərdə Heydər Əliyev Fondu tərəfindən təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Muğam Festivalı, “İpək Yolu” Festivalı, Caz Festivalı musiqimizin inkişafı baxımından hansı əhəmiyyətə malikdir?
– Musiqidə təmas çox vacibdir, əsl inkişaf məhz bu zaman baş verir. Ü.Hacıbəyli, M.Rastropoviç, Q.Qarayev adına Beynəlxalq Musiqi Festivalları, Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Caz Festivalı artıq bütün dünyada tanınır. Bununla yanaşı, teatr sahəsində də festivallar keçirilir. Bakıda çox gözəl xarici tamaşalara baxmışam. Bu, mədəniyyətimizin inkişafına yaxşı mənada birbaşa müdaxilədir və özü də çox vacibdir. İnsan uzun zaman yerində addımlaya bilməz. O, başqasında gördüyü yaxşı cəhətləri da özünə tətbiq etməyi bacarmalıdır.
Keçirilən festivallarda və müsabiqələrdə çox sayda istedadlı gənclər üzə çıxdı. Bu tədbirlərə dünyanın hər yerindən musiqiçilər gəlir, hətta Londonun “Kral” Filarmonik Orkestrindən belə. Onların Azərbaycandakı çıxışları, ustad sinifləri musiqimizə inteqrasiyasına müsbət təsirini göstərir. Biz artıq bu festivallara alışmışıq və onların sayını artırmaq istəyirik.
– Bir neçə gündən sonra səsvermədir. Sizin mövqeyiniz necə olacaq?
– Mən Azərbaycanın gələcəyinə səs vermək istəyirəm. Bilirəm və inanıram ki, Azərbaycanın firavan günləri hələ qarşıdadır. Bu günlərin təməlini qoyan ümummilli lider Heydər Əliyevi Azərbaycan xalqı heç zaman unutmayacaq. Onun ən böyük şah əsərlərindən biri hazırda Azərbaycana başçılıq edən İlham Əliyevdir. Mən, bütün dostlarım, ailəm öz namizədimizi seçkidən də əvvəl müəyyənləşdirmişik.
Görünən şəhərə nə bələdçi?! Hamı İlham Əliyevin Azərbaycan üçün nələr etdiyini görür. Onun ağıllı və düzgün siyasəti var. Azərbaycanın yerləşdiyi geosiyasi məkan çox mürəkkəbdir. Belə bir vəziyyətdə Azərbaycan üçün düzgün inkişaf yolunu yalnız ağıllı və təmkinli lider tapa bilər. Bu mənada İlham Əliyevə alternativ görmürəm. Ona görə yox ki, mən bu gün məsul vəzifə daşıyıram.
Vəzifədə olmasam da, balalarımızın xoşbəxt gələcəyini düşünürəm. Seçki azaddır, heç kəsə məcbur etmək olmaz ki, kiməsə səs versin. Lakin əminəm ki, xalqın böyük əksəriyyəti İlham Əliyevə səs verəcək.