“Dubai Mall” ticarət mərkəzində, dünyada tanınmış beynəlxalq kitab şəbəkələrindən biri olan “Kino Kuniya” kitab mağazasında britaniyalı yazıçı Graeme Vilsonun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevə həsr etdiyi “HEYDAR. The rise and fall and rise again of Heydar Aliyev and Azerbaijan” və “ILHAM. PORTRAIT OF A PRESİDENT. The President of Azerbaijan, his struggle for peace and vision of the future” kitabların təntənəli təqdimat mərasimi keçirilib.
ERtv XİN-in rəsmi saytına istinadən xəbər verir ki, dünyanın ən nüfuzlu nəşriyyatlarından biri olan Media Prima və Azərbaycan Respublikasının Dubaydakı Baş konsulluğunun birgə təşkilatçılığı ilə keçirilmiş həmin mərasimdə Dubayda akkreditə olunmuş diplomatlar, diaspor üzvləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimin açılışında sözügedən kitabların müəllifi G.Vilson, ölkəmizin BƏƏ-dəki səfiri Elxan Qəhrəman və Dubaydakı Baş konsul Pərviz İsmayılzadə çıxış ediblər.
Baş konsul P.İsmayılzadə çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edib, onun siyasi kursunu bütün sahələrdə uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın tarixi nailiyyətlərə imza atdığını, Azərbaycanın regionda lider dövlətə çevrildiyini qeyd edib.
Tədbirdə ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin fəaliyyətlərindən, Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edən fotoslayd və sənədli film nümayiş etdirilib, Azərbaycanın klassik musiqiləri səsləndirilib.