“Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şəki və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkara 638 min manat dövlətin güzəştli krediti verilib.
Bu kreditlər hesabına 70-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
ERtv-nin bölgə müxbirinin məlumatına əsasən, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı və 80-ə yaxın sahibkarın iştirakı ilə keçirilən tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb.
Fond tərəfindən Şəki rayonunda prioritet hesab olunan müasir çörək zavodunun, quşçuluq təsərrüfatının və kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi vəziyyəti barədə məlumat verən Sahibkarlığa Kömək Milli Fondunun əməkdaşı bildirib ki, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1444 investisiya layihəsinin maliyyələşdirilməsinə isə 88,3 milyon manat güzəştli kredit verilib ki, nəticədə 8300-ə yaxın yeni iş yerlərinin yaradılması mümkün olub.
Xatırladaq ki, tədbirdən öncə fondun əməkdaşları, Şəki Rayon İcra Hakimiyyətinin nümayəndələri və sahibkarlar dövlətin güzəştli krediti ayırdığı Şəki rayonunun Daşüz kəndində ildə 52,5 min ton kərpic və 17,5 min ton keramik istehsal etmək gücünə malik olan zavodda aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.