Təcavüzkar və işğalçı bir ölkənin - Ermənistanın prezidenti Serj Sarkisyan yaxşı bilir ki, arxasında Qərb dayanır.
Bu baxımdan, Azərbaycana yönəlik təhdidlərini də özü qəsdən səsləndirir ki, ona reaksiya verək, müharibə kəlməsini işlədək və ondan sonra bütün dünyanı bizim üstümüzə qaldırsın ki, bəs gördünüz, Azərbaycan yenə müharibə ritorikasından əl çəkmir.
ERtv xəbər verir ki, bu fikirləri Prezident Administrasiyası (PA) rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan prezidenti Serj Sarkisyanın Avopra Şurası Parlament Assambleyasının (AŞPA) son payız sessiyasında çıxışı zamanı Azərbaycanı hədələməsinə münasibətini bildirərkən dilə gətirib.
“Mən fürsətdən istifadə edib, hər addımbaşı ölkəmizi hədəf seçən, öz qərəzli münasibətilə seçilən bir şəxsə, başqa bir nüfuzlu Avropa qurumunun-Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə məsələləri üzrə rəsmisi Ştefan Füleyə sual vermək istəyirəm - siz səhərdən axşama qədər universal dəyərlərdən danışırsınız. Belə olan halda, niyə özünü sizin kimi universal dəyərlərin qoruyucusu sayan AŞPA-nın tribunasından Azərbaycana qarşı səslənən bu cür açıq təhdidlərə və hədələrə münasibət bildirilmir, bildirmirsiniz?” - deyən PA rəsmisinin sözlərinə görə, ancaq təəssüflər olsun ki, bunun müqabilində Azərbaycana başqa cür münasibət, ədalətli olmayan mövqe sərgilənir:
“AŞPA axı, həmin təşkilatdır ki, dediyim kimi, özünü universal dəyərlərin mühüm qoruyucusu, mühafizəçisi hesab edir və sona kimi də guya bu istiqamətdə mübarizə aparır... Əgər elədirsə, niyə orada bir deputat bununla bağlı bir söz, irad bildirmədi, Ermənistan prezidentinə etiraz etmədi? Əslində isə Ermənistan prezidenti onun arxasında dayananlara, xüsusilə, Qərbə arxalanaraq son fikirləri, hədələri ilə öz işğalçılıq siyasətlərini bir daha təsdiq etdi və bu azmış kimi Azərbaycanı yenidən təhdid etdi, hədələdi ki, bilirsiniz nə var, özünüzü bir az da başqa cür aparsanız, sizin əlavə 25-30 faiz torpaqlarınızı işğal edərik.
Sual edirəm, niyə bununla bağlı heç kəs ona heç bir söz demədi və demir? Cənab Füle yaxşı olar, bax, buna münasibət bildirsin. Amma bildirmir və heç zaman da bildirməyəcək. Bu məsələnin ikinci tərəfi də var, Ermənistan tərəfi, Serj Sarkisyan bunu - yəni, Azərbaycana qarşı hədə və təhdidlərini həmişə edib və edir. Yadınızdadırsa, 3-4 il bundan qabaq da erməni gənclərinin qarşısında çıxışı zamanı Sarkisyan bildirmişdi ki, görürsünüz, bu qədər torpaqları almışıq, gələcəkdə isə o bir torpaqları almaq sizin vəzifənizdir.
Amma çox təəssüflər olsun ki, nə o zaman, nə də indi bir adam ona bir söz dedi. Sarkisyan özü də bunu bilə-bilə edir. Bilir ki, arxasında Qərb dayanır. Amma özü qəsdən bu sözləri səsləndirir ki, ona qarşı reaksiya verək, müharibə kəlməsini işlədək, ondan sonra bütün dünyanı bizim üstümüzə qaldırsın ki, bəs gördünüz, Azərbaycan yenə müharibə ritorikası ilə danışır, müharibə ritorikasından əl çəkmir. Biz də artıq bunları bilirik, görürük və təəssüflər olsun ki, belədir...”