ERtv-nin fotoensiklopediya rubrikasının növbəti mövzusu Hitlerin onu özünə düşmən elan etmiş, səsi ilə az qala dünyanı lərzəyə salan diktor Yuri Borisoviç Levitana həsr edilib.
Oktyabrın 2-i onun ad günüdür.
1914-cü ildə Vladimirskdə dünyaya göz açan Y.B.Levitan həm də Yudka Berkoviç Levitan adı ilə də tanınır. O, 1931-ci ildən SSRİ Ümumittifaq radiosunun diktoru, SSRİ Nazirlər Soveti yanında televiziya və radio üzrə Dövlət Komitəsinin diktoru olub.
Nadir tembrə və olduqca nüfuzedici səsə malik olan bu insanın pərəstişkarları onu Hitlerin şəxsi düşməni kimi xatırlayırlar...
İnstitutu bitirib öz doğma şəhərinə qayıdan Levitan bir elanla rastlaşır: “Radio diktorluğu üçün qrupa seçim aparılır”. Böyük müsabiqəyə baxmayaraq, Levitan diktorluğa götürülür. O, öz üzərində o qədər işləyir ki, artıq qısa müddətdən sonra Levitanın nitqində heç bir qüsur qalmır.
Üç ildən sonra Levitan radio stansiyasının gecə efirində ilk çıxışını edir. O, “Pravda” qəzetindən bəzi xəbərləri çatdırırdı. Həmin gün gözlənilmədən Stalin də radioya qulaq asır. Levitanın səsini eşidən zaman o, partiyanın XVII qurultayındakı çıxışını radio vasitəsilə məhz Levitanın səsləndirməsini tələb edir. Növbəti gün Sovet məmurları Stalinin çıxışı olan qovluqla radiostansiyaya gəlirlər və Levitandan bu mətni səsləndirməyi tələb edirlər.
Həyacandan rəngi ağarmış Yuri Levitan bu çıxışı 5 saat ərzində heç bir səhf olmadan səsləndirir. Həmin gündən o, Sovet İttifaqının baş diktoru təyin edilir.
Levitanın məşhurluğu isə Böyük Vətən Müharibəsi illərindən başlayır. “Biz haqq yoldayıq. Düşmən darmadağın ediləcək. Qələbə bizimlə olacaq”. O bu kəlmələri elə güclə və inamla səsləndirirdi ki, bu zaman milyonlarla insan səsgücləndiricilərin ətrafına yığışır və mühüm çatdırışları dinləyirdi.
Bütün müharibə ərzində Levitan hər gün cəbhədən xəbərləri və Ali Komandanlığın əmrlərini oxuyurdu. Faşist Almaniyası onun çıxışlarını böyük diqqətlə izləyirdi. Məlumata görə, Hitler onun dilini başa düşməsə də o çıxış edərkən böyük qəzəblə qulaq asar və dərhal tərcümə olunmasını tələb edərdi. Hitler Levitanı özünün 1 nömrəli düşməni elan etmiş və Moskvaya daxil olan kimi birinci onu asacaqlarını vəd etmişdi. Hitler onun başına 250 min marka mükafat qoyur. Lakin, Levitan isə öz verilişini olduqca gizli saxlanan bir məkandan aparırdı.
8 may 1945-ci ildə axşam saatlarında Levitan Kremlə çağırılır və ona Ali Komandanlığın Qələbə barədə çıxışı təqdim edilir. 35 dəqiqədən sonra o, bütün Sovet məkanına Almaniya üzərində qələbə qazanıldığını elan edir. “Danışır Moskva! Faşist Almaniyası darmadağın edildi...”
Stalinin ölümü, Yerin ilk süni peykinin buraxılması, Yuri Qaqarinin uçuşu və digər tarixi əhəmiyyətli hadisələr barədə də insanlar ondan xəbər tutur.
1983-cü ildə Levitan müharibə veteranları qarşısında mitinqdə çıxış edir. Birdən o özünü pis hiss edir. Səhəri gün – 1983-cü il avqustun 4-də isə o, ürək çatışmamazlığından vəfat edir.