Xalq artisti Firəngiz Mütəllimova Türkiyədə ağır beyin əməliyyatı keçirib.
ERtv xəbər verir ki, hazırda vətənə geri dönən aktrisa mətbuat konfransı keçirərək, səhhəti ilə bağlı açıqlama verib.
Bildirib ki, Türkiyədə beyin kavernomasından (xoşxassəli, anadangəlmə şiş - red) əməliyyat olunandan sonra həyatına heç bir təhlükə qalmayıb. Aktrisa onu da əlavə edib ki, əməliyyatla əlaqədar qardaş ölkədə olanda haqqında müxtəlif şayiələr yayılıb. Məhz buna görə, o, mətbuat konfransı keçirmək qərarına gəlib:
“İndi yaxşıyam, Akademik Milli Dram Teatrında və Mədəniyyət və İncəsənət Universitetində işimə davam edəcəyəm. 6 saatlıq əməliyyatdan sonra bədənimdə olan bütün ağrılarım çəkildi. Çox şükür ki, özümü indi yaxşı hiss edirəm. Sabahdan teatrda da məşqlərə başlayacağam. Amma onu da deyim ki, mənə şüadan uzaq durmaq tapşırılıb. Ona görə də hətta ev telefonumu belə söndürmüşəm”.
F.Mütəllimova bildirib ki, əməliyyat olunmasaydı, səhhətində olduqca ciddi fəsadlar yarana bilərdi:
“Yaşar Nurinin vəfatı mənə həddən artıq pis təsir etdi. Güclü stress yaşadım. Vəziyyətimin ağırlaşdığını gördükdən sonra həkimə müraciət etdim. Bu gün şükürlər olsun ki, həyatıma heç bir təhlükə yoxdur ”.