İsrailin “Yad Vaşem” arxiv muzeyi misirli həkim Məhəmməd Helmini “Dünya xalqlarının xeyirxahı” kimi tanıyıb.
O, II Dünya müharibəsi illərində bir neçə yəhudinin nasistlərdən xilasına köməklik edib.
ERtv xəbər verir ki, “France-Press”in məlumatına görə, o, bu ada layiq görülən ilk ərəb ölkəsi vətəndaşı olub.
II Dünya müharibəsi zamanı Berlində yaşayan Məhəmməd Helmi 21 yaşlı yəhudi xanım Anna Borosun gizlənməsinə yardım edib. O, qızı şəhərdən kənar evində gizlədib. Anna bunun sayəsində 1942-ci ildə deportasiyadan qaça və bu sığınacaqda gizlənərək Holokostdan yaxa qurtara bilib.
“The Times of Israel” yazır ki, misirli bununla öz həyatını böyük təhlükə altına qoyub. Bundan əlavə, Helmi qızın uç yaxınına - anasına, atalığına və nənəsinə müxtəlif, eləcə də tibbi yardım göstərib. O, sonuncunu öz tanışı olan alman qadın Frieda Şturmanın yanında saxlanmasına nail olub. Sözügedən qadın da “dünyanın xeyirxahı” kimi tanınıb.
Helmi 1982-ci ildə, Şturman isə 1962-ci ildə dünyasını dəyişib.
Bu ada layiq görülənlərin ailələrinə xatirə medalları təqdim olunur, həmin insanların adı isə Qüdsdəki xatirə divarına həkk edilir.