Oktyabrın 23-dən noyabrın 2-dək Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı keçiriləcək.
Mədəniyyət və turizm nazirliyindən ERtv-yə verilən məlumata əsasən, hər zaman olduğu kimi, dünyanın müxtəlif yerlərindən olan məşhur musiqiçilər şəhərimizin qonağı olacaqlar.
Festival çərçivəsində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi və Caz Mərkəzində dünya şöhrətli musiqiçilər - Joshua Redman, Kenny Garret, Avishai Kohen, Marcus Miller, Bob James and David Sanborn, Kristof Çex və başqalarının çıxışları gözlənilir.
Eyni zamanda, Azərbaycanın tanınmış ifaçıları - Salman Qəmbərov, Emil Əfrasiyab, Mircavad Cəfərov və istedadlı gənc caz musiqiçiləri festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.
Bakı Beynəlxalq Caz Festivalı 2002-ci ildən etibarən hər il oktyabrda Bakıda keçirilir. Festivalda həm xarici, həm də yerli caz ulduzları iştirak edir. Festivalı Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu təşkil edir. Tədbir çərçivəsində musiqiçilər Beynəlxalq Muğam Mərkəzində, Bakı Filarmoniyasında, Heydər Əliyev Sarayında, eləcə də Caz Mərkəzində konsert proqramları ilə çıxış edir.